Məlum olduğu kimi, bir neçə gün əvvəl Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb. Daxili İşlər Nazirliyi bununla bağlı dərhal məlumat yayımladı. Məlumatda bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi işlərinin aparıldığı, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib becərilməsi işinin təşkil olunduğu diqqətə çatdırılır.
Bildirilir ki, 30 il ərzində bu ərazilərimizdə narkotiklərin əkilib becərilməsi işi geniş şəkildə təşkil edilib: “Bu çətənə bitkisi narkotik maddələrin emal prosesində xammal hesab olunur. Qurudulduqdan sonra marixuana olsa da, zənginləşdirilmiş formada digər psixotrop tərkibli maddələrin hazırlanmasında istifadə edilir”.
Qeyd edək ki, ermənilər Qarabağın bir neçə ərazisində narkotik əkini ilə məşğul olublar. Xüsusilə, kütləvi qətliam törətdikləri əraziləri narkotik plantasiyasına çevirirdilər. Ekspertlər hesab edir ki, ermənilər bunu məqsədyönlü şəkildə ediblər.
“… Qarabağda narkotik əkib laboratoriyalar yaradaraq, müəyyən xətlə təhlükənin yayılmasına səbəb olublar”
Azad Vətən Partiyasının rəhbəri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, işğaldan azad olunan ərazilər bərpa olunduqca bu kimi faktlar ortaya çıxır və çıxacaq: “Nəzərə almaq lazımdır ki, bu gün dünya ölkələri narkotikə qarşı mübarizə aparır. İşğaldan azad olunan ərazilərdə narkotik plantasiyalarının aşkar olunması təhlükəli bir məqamdır. Onu da deyim ki, torpaqlarımız işğalda olan zaman belə bu kimi məlumatlar yayılırdı. Belə ki, ermənilər orda narkotik əkib, plantasiyalar yaradıb. Bununla yanaşı, ermənilər həmin ərazidə laboratoriyalar yaradaraq öz pisliklərinə davam ediblər. Beləliklə, ermənilər müəyyən xətlə həmin dərmanların yayılmasına səbəb olublar”.
Həmsöhbətimiz hesab edir ki, ermənilərin bu kimi işlərlə məşğul olması beynəlxalq ictimaiyyətə çatdırılmalıdır: “Əldə olunan foto və ya video görüntülər xarici təşkilatlara göndərilməlidir. Ermənilərin dünya üçün necə təhlükəli olduğu göstərilməlidir. Həmçinin, ermənilər bu cinayət əməlinə görə də beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Günel CƏLİLOVA