Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Bakıda və ya İrəvanda Rusiya sülhməramlı kontingentinin Qarabağdan geri çəkilməsini müzakirə etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə məlumatlı diplomatik mənbə INTERFAX.RU-nun müxbirlərə bildirib. Qeyd edilir ki, “biz Rusiya sülhməramlı kontingentinin cari fəaliyyəti ilə bağlı planlaşdırılmış əlaqələrdən danışırıq”.
Oktyabrın 5-də Valday Forumunda Rusiya prezidenti Vladimir Putin deyib ki, Azərbaycan Rusiyaya Qarabağda Rusiya sülhməramlılarının statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib və Ermənistan bu təkliflə razılaşıb.
Vladimir Putin bildirib ki, Azərbaycan Prezidenti ilə danışıb və razılaşıblar ki, sülhməramlıların statusu ilə bağlı təzə razılaşma əldə edilsin, Ermənistan da bununla razılaşıb.
Yəni yeni razılaşma o demək ola bilərmi ki, 2025-ci ildən sonra da sülhməramlılar Azərbaycanda qalacaq? Putinin bu sözünü necə təhlil etmək olar?
“Artıq Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir səbəb olmadığına görə onların Azərbaycan ərazisindən çıxarılması müddəti razılaşdırılmalıdır”
“Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov V.Putinin bu açıqlamasını baki-xeber.com-a şərh edərkən “Valday Forumunun növbəti toplantısında Rusiya prezidenti yenə də kifayət qədər mübahisəli bəyanatlar verib. Xüsusilə sülhməramlılar barədə onun söylədikləri, təbii ki, müəyyən suallar doğurdu. Putin qeyd etdi ki, 2022-ci ilin oktabrında Paşinyan Praqada bəyanata qol çəkdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etdi. Putinin iddiasına görə, ondan sonrakı görüşlərin birində Azərbaycan Prezidenti ilə söhbətində Prezident İlham Əliyev deyib ki, artıq Ermənistan da Azərbaycanbın ərazi bütövlüyünü qəbul etdi ki, Qarabağ Azərbaycandır. Rusiya sülhməramlıları Azərbaycan ərazisində yerləşir, demək sülməramlılarla bağlı bütün məsələlər Azərbaycanla müzakirə olunmalıdır, Ermənistanın artıq bura aidiyyəti yoxdur. Yəni Putinin dediyinə görə, Praqa bəyanatından sonra artıq 10 noyabr razılaşmasının sülhməramlılarla bağlı hissəsi qüvvədən düşmüş sayıla bilər. Çünki 10 noyabr sənədinə görə, sülhməramlıların Azərbaycan ərazisində, Qarabağ bölgəsində qalıb-qalmaması Azərbaycan və Ermənistan tərəfindən müəyyən olunur, onların hər hansı biri müddətin bitməsinə 6 ay qalmış rus sülhməramlılarının müddətinin uzadılmasını istəməsə, onlar bölgəni tərk edib getməlidirlər. Putinin iddiasına görə, artıq Praqa razılaşmasından sonra Ermənistan belə bir hüququ itirmiş oldu və rus sülhməramlıları ilə bağlı bütün məsələlər 2022-ci ilin 6 oktybarından sonra yalnız Azərbaycanla danışıla bilər. Söhbət həmin dövrdən gedir. Ancaq Qarabağda, demək olar ki, erməni yoxdur. Putinin özünün də iddia etdiyi kimi, sülhməramlılar yalnız atəşkəsə əməl olunmasına nəzarət ediblər. Artıq atəşkəs problemi də yoxdur, artıq təmas xətti də yoxdur, artıq Laçın dəhlizinə nəzarət etmək ehtiyacı da yoxdur, tamamilə yeni bir vəziyyət yaranıb. Bu vəziyyətdə Rusiya sülhməramlılarının bölgədə qalması tamamilə əhəmiyyətsiz sayılmalıdır”-deyə bildirdi.
A.Səmədovun sözlərinə görə, hətta Azərbaycan düşməni Konstantin Zatulin də dedi ki, Rusiya sülhməramlılarının artıq Qarabağda son günləridir, çünki orada görüləcək işləri yoxdur, rus sülhməramlıları yol hərəkəti təhlükəsizliyinə nəzarət etməli deyillər ki. “Bu səbəbdən də rəsmi dövlət agentliyi belə bir məlumat yaydı ki, artıq Rusiya Müdafiə Nazirliyi sülhməramlıların çıxarılması ilə bağlı danışıqlara başlamaq fikrindədir. Nədənsə, guya bu məqsədlə İrəvana nümayəndə heyətu səfər edib. Əgər belə bir danışıqlar aparmaq lazımdırsa, bunu Azərbaycanla aparmaq lazımdır, burada Ermənistanlıq bir məsələ yoxdur, bunu Putinin özü də dedi. Sonradan təkzib etdilər. Güman edirəm ki, yaxın vaxtlarda bu danışıqlar Azərbaycan hakimiyyəti ilə aparılmalıdır. Artıq Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir səbəb olmadığına görə onların Azərbaycan ərazisindən çıxarılması müddəti razılaşdırılmalıdır. Nəzərə alaq ki, Rusiyanın hərbçilərə, hərbi texnikaya ehtiyacı var, Ukraynada vəziyyət kifayət qədər mürəkkəbdir. Baxmayaraq ki, hələ Rusiya işğal etdiyi torpaqları öz nəzarətində saxlamağa nail olub. Ancaq bütün hallarda Qarabağ bölgəsindəki 1960 hərbçi, 90 zirehli texnika və 380 müxtəlif maşınlar onlara Ukraynada gərəkli ola bilər. Bu səbəbdən artıq bölgədən çıxıb getmək barədə danışıqlara başlamaq lazımdır. Hesab edirəm ki, 2025-ci ili gözləmədən elə 2023-cü ilin sonuna qədər Rusiya sülhməramlıları bölgəni tərk edib getməlidirlər”-deyə bildirən A.Səmədovun sözlərinə görə, onların Azərbaycan ərazində qalmasına heç bir əsas yoxdur və 2025-ci ili gözləməyə də ehtiyac yoxdur: “Ondan sonrakı müddətdə ümumiyyətlə bu barədə danışmağa ehtiyac yoxdur. Yəni 2025-ci ilə qədər Rusiya sülhməramlıları çıxmalıdır. Çünki həm Putin, həm də Paşinyan etiraf edir ki, 10 noyabr sazişinin sülhməramlılarla bağlı hissəsi Praqa razılaşmasından sonra qüvvədən düşüb. İndiki yeni yaranmış vəziyyət isə artıq Rusiya sülhməramlılarının bölgədə qalmasını əhəmiyyətsiz edir. Onun bölgədə qalması üçün heç bir əsas yoxdur. Şübhə etmirəm ki, yaxın vaxtlarda Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edib gedəcəklər”.
İradə SARIYEVA