Ermənistanın Azərbaycana qarşı qaldırdığı və oktyabrın 12-də Beynəlxalq Məhkəmədə baxılacaq iddiasında bir maddə xüsusilə diqqətimi çəkdi. Bu maddədə söhbət keçmiş Dağlıq Qarabağda və ətraf yerlərdə ermənilərə məxsus əmlakların, vətəndaşlıq aktlarının və şəxsiyyəti təsdiq edən sənədlərin taleyindən gedir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənistan tələb edir ki, yerli hakimiyyət orqanlarının (yəni keçmiş separatçı qurumların) vətəndaşlıq vəziyyəti aktlarının, şəxsiyyəti təsdiq edən sənədlərin və mülkiyyət sənədlərinin Azərbaycan tərəfindən qəbul və icra edilməsi barədə qərar verilsin...
Əvvəla, bunların heç biri Azərbaycan üçün qəbul edilə bilməz. Çünki bu halda indiyədək qanunsuz saydığımız separatçı hakimiyyətin orqanlarının qərarlarını qanuni tanımış olarıq ki, bu da absurddur.
İkinci, Qarabağda bir çox Ermənistan məmurlarının, xaricdəki ermənilərin, maqnatların, cinayətkarların, terrorçuların adına bərkidilmiş saysız-hesabsız əmlakların olduğunu bilirik. Bunlar 30 ildə zəbt edilib. Ermənistan rəhbərliyi beynəlxalq məhkəmə qərarı ilə Azərbaycan dövlətinə və Azərbaycan vətəndaşlarına məxsus əmlaklar üzərində qanunsuz əmlak hüquqlarını qanuniləşdirmək istəyir ki, bu da yolverilməzdir...
Üçüncü, separatçı, qondarma hökumətin vətəndaşlıq aktları necə tanına və qəbul oluna bilər ki, bu aktlar, yəni nikahlar, doğum və ölüm şəhadətnamələri, övladlıq və sair, Azərbaycanın heç vaxt tanımadığı oyuncaq "Arsax respublikasının" adından çıxarılıb?!..
Böyük ehtimalla 2023-cü ildə Ermənistanın 3-cü dəfə qaldırdığı bu iddia da BMT məhkəməsi tərəfindən rədd ediləcək. Çünki onların təmin edilməsi birmənalı absurd olardı...
Lakin Ermənistanın atdığı hər bir addımın arxasında məkr və gizli olanların varlığını görməyə bundan sonra adət etməliyik...
Tahir TAĞIYEV