Rusiya sülhməramlı kontingenti Ağdərədə, Əsgəran və Şuşa rayonlarında tərəflər arasında keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin bağlanmasını başa çatdırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib.
Məlumatda qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması davam etdirilir. Oktyabrın 5-nə olan məlumata görə, 84 ədəd zirehli texnika, 121 ədəd avtomobil texnikası, 121 ədəd hava hücumundan müdafiə texnikası, 105 ədəd səhra artilleriya qurğusu, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah, təxminən 58,5 milyon sursat təhvil verilib. O da məlum olur ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.
Maraqlıdır, sülhməramlılar həmişəlik Qarabağı tərk edir, yoxsa müvəqqəti? Ermənilər Qarabağa qayıdanda sülhməramlılara ehtiyac yaranacaqmı?
“Analoji addımları Xocəvənddə, Xankəndidə, Laçında və Xocalıda da atacaqlar”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu, sülhməramlıların Qarabağdan həmişəlik çıxmasının başlanğıcıdır: “Artıq proses başlayıb və bunun geri dönüşü yoxdur. Ağdərə, Əsgəran və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini yığışdıran sülhməramlılar analoji addımları Xocəvənddə, Xankəndidə, Laçında və Xocalıda da atacaqlar. Artıq Rusiyanın ən yüksək rütbəli rəsmilərinin açıqlamalarından da belə təəssürat yaranır ki, sülhməramlılaran orada qalmasına ciddi zərurət yoxdur. 2020-ci il noyabrın 10-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Sülhməramlıların qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Ancaq məlum olduğu kimi, proseslərin sürətlə inkişaf etməsi və yeni reallıqların yaranması sülhməramlıların çıxarılmasını tezləşdirir. Putinin “Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri belə qənaət yaradır ki, artıq onların Qarabağda qalmasına ehtiyac yoxdur. Qarabağı tərk edən erməni sakinlər geri qayıdacaqlarsa, buna görə Rusiyanın və yaxud da hansısa beynəlxalq sülhməramlıya ehtiyac yoxdur. Azərbaycan müstəqil dövlət olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək gücünə malikdir. Hesab edirəm ki, bütün bunlar reinteqrasiya çərçivəsində öz həllini tapacaq”.
Vidadi ORDAHALLI