Qarabağdakı keçmiş qondarma rejimin “prezidentləri”, erməni terrorçular və digər separatçıların həbsi yeni suallar ortaya çıxarıb.
Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan kimi qondarma rejim liderlərinin həbsindən sonra xüsusilə əsas müharibə caniləri, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın da həbs edilmə ehtimalı müzakirə olunur. Hazırda Ermənistanda qanunsuz mənimsəməyə görə mühakimə olunan Serj Sarkisyanın, Robert Köçəryanın Bakıya gətirilməsi ehtimalı dəyərləndirilir.
Erməni professor Artyom Tonoyan da hadisələrin gedişatını belə görərək “Facebook” səhifəsində məlum məsələyə toxunub. O qeyd edib ki, Azərbaycanın Qarabağ separatçılarını həbs etməsi Ermənistanda böyük qorxu hissi yaradıb: “İndi Ermənistan cəmiyyətində müzakirələr bu müstəvidə gedir. Ermənistanın sabiq prezidentləri - Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan da qolu qandallı Bakıya gətiriləcək. "Artsax"ın 3 "prezident"ini təhvil verənlər Ermənistanın 3 prezidentini də təhvil verəcəklər. Çətin ki, onların əsas məqsədi "Artsax" "prezident"ləri idi”.
“Soyqırım, terror, təxribat, işgəncə və digər əməllərdə əli olan erməni əsilli şəxslər etdikləri hərəkətlərə görə cavab verməlidir”
Məsələ ilə bağlı fikir bildirən Müasir İnkiaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan qanunlarına, dövlətinə, xalqına qarşı çıxan hər bir şəxs cəzalandırılmalıdır. Soyqırım, terror, təxribat, işgəncə və digər əməllərdə əli olan erməni əsilli şəxslər etdikləri hərəkətlərə görə cavab verməlidir. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslər qorxmalıdır. Çünki onlar hər an əlləri qandallı şəkildə Azərbaycana gətirilə bilər: “Bir çox şəxslər Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin həbs olunaraq ölkəmizə gətiriləcəyinə inanmırdı. Ancaq Azərbaycan dövləti bunu həyata keçirdi. Azərbaycan dövləti Qarabağ problemini həll etməklə kifayətlənməyib, artıq bundan sonra Cənubi Qafqazın təhlükəsizliyinə cavabdeh olacaq bir gücdədir. Bu mənada hesab edirəm ki, cinayət əməllərində iştirak edən erməni əsilli şəxslər qorxu, təlaş içində olmalıdırlar. Heç bir cinayət əməli cəzasız qalmayacaq. Serj Sarkisyan və Robert Köçəryan kimi cəlladlar ya əli qandallı şəkildə həbs olunaraq Bakıya gətirilməlidir, ya da məhv edilməlidir. Çünki onların cinayət əməllərində iştirakı faktdır. Adıçəkilən şəxslərin necə cinayətkar olduğunu hər kəs yaxşı bilir”.
Günel CƏLİLOVA