Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Qarabağdakı sülhməramlıların statusu ilə bağlı bir sıra məqamlara toxunub: “Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 9 noyabr üçtərəfli bəyanatına əsaslanır.
Sülhməramlıların heç bir statusu müəyyən edilmədi. İndi niyə belə olduğunu deməyəcəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənasız idi. Ona görə də sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı. Sülhməramlıların hüquqları isə ancaq atəşkəs rejimini müşahidə etmək və riayət etməkdən ibarət idi. Orada sülhməramlılarımızın başqa heç bir hüququ yox idi. Ancaq atəşkəs rejiminə riayət etmək və müşahidə etmək, bu qədər”.
Burada diqqəti çəkən məqam odur ki, məlum olur Prezident İlham Əliyev haqlı olaraq sülhməramlılara hansısa xüsusi mandat, status verilməsinə imkan verməyib. Bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Prezidentimiz bununla çox böyük diplomatik gediş etdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatın sədri Təbriz Musayevin fikrincə, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətçi olduuğunu bir daha sübut edir: “Prezidentimiz bununla çox böyük diplomatik gediş etdi. Sülhməramlılara xüsusi mandatın verilməməsi bizi bir sıra təhlükələrdən sığortaladı. Çünki həqiqətən də o zaman Ermənistan tərəfi, Rusiya bütün vasitələrlə sülhməramlılara xüsusi mandatın verilməsinə çalışırdılar. Azərbaycan buna imkan vermədi. Mandat verilsəydi, o zaman sülhməramlılara beynəlxalq müstəvidə müəyyən etimad yaranardı. Onlar da bundan öz məqsədləri üçün istifadə edərdilər. Qarabağda qalma müddətini uzatmağa çalışardılar, antiterror əməliyyatlarına mane ola bilərdilər və s. Rusiyadan nə desən gözləmək olar. Rusiya sülhməramlıları mandat hesabına müəyyən səlahiyyətlərə malik olsaydılar, istədiklərini edə bilərdilər. Beynəlxalq birlik də bunu pisləməzdi. Bunu onunla əlaqələnddirərdilər ki, bəs onların bunun üçün mandatı var. Onsuz da Azərbaycana münasibətdə necə ikili standartların olduğunu biz yaxşı bilirik. Abxaziya, Cənubi Ostetiya, Dnestryanı, Luqansk separatçılarına münasibətdə Qərbin necə sərt olduğunu, Qarabağdakı erməni separatçılarına gəldikdə isə yumşaq mövqedən çıxış etdiklərini bilirik. Onu da bilirik ki, sentyabrın 17-də antiterror əməliyyatlarını önləmək üçün Qərb İstanbulda hansı hoqqadan çıxıb. Ona görə də Azərbaycan Prezidenti çox doğru olaraq sülhməramlılara mandat verilməsinə gərək duymayıb. Sülhməramlılara mandat verilsəydi, bu bizə Qarabağda mütləq müəyyən problemlər yaradacaqdı. O üzdən, Ali Baş Komandan bu addımı atmaqla ölkəni potensial təhdidlərdən qorudu”.
Vidadi ORDAHALLI