İran prezidenti İbrahim Rəisi Zəngəzur dəhlizinin açılmasını region ölkərinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Bu barədə Prezident Azərbaycan və Ermənistanın rəsmi nümayəndləri ilə görüşündə deyib.
Rəisi bunu belə əsaslandırıb: “Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün platformadır və İslam Respublikasının qəti şəkildə qarşı çıxdığı ölkələrin milli təhlükəsizliyinə təhdiddir”.
Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi yazıb ki, Ermənistanın milli təhlükəsizlik müşaviri və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi prezidentlə görüşlərdə Qafqazla bağlı ətraflı hesabatlar təqdim ediblər.
Bu günlərdə Tehrana səfər edən Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Xarici İşlər naziri, prezidenti, Milli Təhlükəsizlik Şurasının katibi və Silahlı qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov da çərşənbə axşamı Tehranda İbrahim Rəisi, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.
“NATO-nun regionda mövcudluğundan söhbət gedirsə, Türkiyə 70 ildir bu blokun üzvüdür və...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Rəisinin irəli sürdüyü arqumentlər tamamilə əsassızdır: “Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün necə platforma olar axı? Məgər bu dəhlizi adıçəkilən blok reallaşdırır? Belə görünür ki, İranın Zəngəzurla bağlı bəhanələri tükəndiyi üçün ağla gəlməyən fikirlər uydurmağa başlayıblar. NATO-nun regionda mövcudluğundan söhbət gedirsə, Türkiyə 70 ildir bu blokun üzvüdür və İranla da quru sərhədinə malikdir. Bu, İran üçün təhdid olmur, amma Zəngəzur dəhlizi təhdid olur? Bu, çox sarsaq bir yanaşmadır. Zəngəzur dəhlizinin açılmasında ən çox maraqlı olan tərəflərdən biri də Rusiyadır. Rusiya bu dəhliz vasitəsilə Türkiyə ilə quru əlaqəsini təmin edəcək. Bir neçə gün əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova da rəsmən bəyan etdi ki, Zəngəzur dəhlizini dəstəkləyirlər. Əvvəl İran Zəngəzur dəhlizinə qarşı olmasını Azərbaycanın hərbi fəaliyyəti ilə əlaqələndirirdi. Guya Azərbaycan Ermənistana hücum edib Zəngəzuru nəzarətinə alacaq. İran rəsmilərinin Zəngəzur dəhlizinin açılmaması ilə bağlı təhdid xəbərdarlıqları, geniş əks-təbliğat kampaniyaları və məsələnin mahiyyətini təhrif etmək cəhdləri Tehran hakimiyyətinin sülhə qarşı olan mahiyyətindən irəli gəlir. İndi də bunu NATO-nun bölgəyə gəlməsi ilə əlaqələndirmək istəyirlər. Tehran rejiminin Zəngəzur dəhlizinə qarşı olmasının kökündə iqtisadi maraqlar dayanır. Onlar narahatdılar ki, dəhliz işə düşəndən sonra Qərbdən Şərqə İran üzərindən daşımalar azalacaq. Eyni zamanda, molla rejimi Türkiyə-Azərbaycan-Orta Asiya əlaqəsinin Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin bir hissəsi olduğuna inanır. Bunun İranın Cənubi Qafqazda ticarət və enerji sahələrindəki rolunu azaldacağından narahatdır. Ona görə də bütün vasitələrlə Zəngəzur dəhlizinə əngəl olmağa çalışırlar”.
Vidadi ORDAHALLI