Ermənistanın Azərbaycana qarşı şər və böhtan xarakterli hərəkətləri artıq bizim üçün gözləniləndir. Çünki bu kimi halların dəfələrlə şahidi olmuşuq. Ola bilsin ki, belə hallar hər hansı bir psixoloji pozuntunun əlamətidir. İndi də əlləri hər yerdən üzülən ermənilər öz mənasız mübarizələrini Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini şantaj etməklə davam etdirirlər.
Bununla bağlı Dövlət Sərhəd Xidməti “Laçın” sərhəd buraxılış məntəqəsində Ermənistanın mümkün təxribatı ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır: "Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək".
"Moskva, Brüssel və ya Vaşinqton formatlı görüşlərdən əvvəl Ermənistanın tərəfindən dövlət sərhədində təxribat xarakterli hərəkətlərin edilməsi bu ölkənin heç vaxt sülhə gəlməyəcəyini növbəti dəfə nümayiş etdirmiş olur"
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov"Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə vəziyyəti gərginləşdirməyə çalışır. Rusiyada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistanın bu tip provokasiyalar hazırlaması bu ölkənin sülhdən, ölkələrarası münasibətlərin normallaşdırılmasından nə qədər uzaq olduğunu bir daha beynəlxalq ictimaiyyətə bəlli edir: "Ermənistanın əsl mahiyyəti növbəti dəfə ifşa olunur. Hesab edirəm ki, baş verən hadisələrə daha kəskin münasibət ortaya qoyulmalıdır. Rusiya xarici işlər naziri Serqey Lavrov da Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olmalı olan erməni əsilli insanlarla bağlı sabit mövqeyi olduğunu Moskva görüşündə bir daha nümayiş etdirdi. Moskva, Brüssel və ya Vaşinqton formatlı görüşlərdən əvvəl Ermənistanın tərəfindən dövlət sərhədində təxribat xarakterli hərəkətlərin edilməsi bu ölkənin heç vaxt sülhə gəlməyəcəyini növbəti dəfə nümayiş etdirmiş olur".
Günel CƏLİLOVA