Rusiyadan Azərbaycana yönəlik növbəti demarş. Belə ki, son vaxtlar Rusiyanın ölkəmizə yönəlik təxribat cəhdləri artır və getdikcə bu, müxtəlif formada özünü göstərir.
Bu arada Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) Dövlət Dumasındakı fraksiyası Dağlıq Qarabağ münaqişəsi iştirakçılarına döyüş veteranı statusunun verilməsi ilə bağlı layihəni təqdim edəcək. Bu layihədə “Veteranlar haqqında” qanunun 3-cü maddəsinə “1988-ci ilin martından 1991-ci ilin dekabrınadək Qarabağ münaqişəsində iştirak etmiş döyüşçülərin döyüş veteranı kimi tanınması” ilə bağlı yeni norma əlavə edilməsi təklif edilir.
Bu həmin RLDP-dir ki, quricusu olan Vladimir Jirinovski koronavirusdan gorbagor olanə qədər bu partiyaya rəhbərlik edib. Jirinovskinin dövründə də bu partiya Azərbaycana qarşı qərəzli olub və Kremldən gələn tezislərə uyğun mövqe sərgiləyib. Nəzərə alsaq ki, Dövlət Dumasındakı partiyaların hamısı Kreml tərəfindən idarə olunur, o zaman RLDP-nin qaldırdığı bu “təşəbbüs” partiyanın heç də müstəqil qərarı deyil.
“İki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar Kremli narahat edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bütün bu oyunlar Kreml tərəfindən idarə olunur: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar Kremli narahat edir. Məhz bu danışıqları pozmaq üçün Rusiya hərəkətə keçib. Məlum məsələdir ki, 2020-ci ilin noyabrında sülhməramlı qüvvələr adı altında hərbçiləri Qarabağda yerləşdirən Rusiya bunu sülhə mane olmaq üçün edib. Avropa və ABŞ tandemi formatında aparılan danışıqlar müstəvisində Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması Kremlin səbrini daşırdı. Ona görə də Rusiya rəsmi və qeyri-rəsmi səviyyədə Azərbaycana qarşı demarşlar həyata keçirir. RLDP-nin belə bir qanun layihəsi hazırlaması və Dumada qaldırılması da məhz Kremldən verilən təlimatlar əsasında həyata keçirilir. Düşünürəm ki, Azərbaycan Moskvaya rəsmi nota verməli, RLDP rəhbərliyinə qarşı Azərbaycan sanksiyalar tətbiq edərək, ölkəmizə girişinə qadağa qoyulmalıdır. Elə vəziyyət yaranıb ki, biz ancaq Rusiya ilə anladığı dildə danışmalıyıq. 90-cı illər deyil ki, zəif durumda olaq. Azərbaycan 30 il əvvəlki dövlət deyil, xeyli güclənib. Ciddi və aparıcı mövqeyə malik olan müttəfiqlərimiz var. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya hakimiyyəti kifayət qədər zəifdir. Bu baxımdan Azərbaycan güclü dövlət olaraq öz milli maraqlarını qorumağa qadirdir. Rusiyanin bu addımı Azərbaycana qarşı hibrid müharibədir. Ancaq bütün anti-Azərbaycan siyasəti fiaskoya uğrayacaq. Həmçinin Rusiya anlamalıdır ki, ölkələr arasında ikitərəfli müttəfiq bəyannaməsi var”.
Vidadi ORDAHALLI