Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitində iştiraka can atan Fransaya rədd cavabı verilib. Halbuki, buna qədər Paris sammitə dəvət almaq üçün dəridən-qabıqdan çıxıb.
Qeyd edək ki, BRICS sammiti Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Tədbir Biznes Forumun açılışı ilə başlayacaq. Avqustun 23-də Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var. Bundan əvvəl Mərkəzi Afrika Respublikası Makronu ölkəsinə buraxxmaqdan imtina etdi.
Ümumilikdə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində müstəmləkəçiliyin tamamilə ləğv edilməsini davamlı olaraq gündəlikdə saxlaması, habelə Bakıda “Müstəmləkləçiliyin tamamilə aradan qaldırılması istiqamətində” adlı konfransın keçirilməsi, Fransanın cinayətlərinin ifşa edilməsi və Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasından sonra Fransa əleyhinə belə bir hərəkat başlayıb.
“Bakıda Fransanın müstəmləkə siyasətinin ifşa olunması, son nəticədə belə qərarların qəbuluna gətirib çıxarıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Makronun ölkədaxili siyasətdə buraxdığı səhvlər və Bakıdakı tədbirdə qaldırılan məsələlər Fransanın Afrikadakı nüfuzunu heçə endirdi: “Əvvəla, Makron 2017-ci ildə prezident olandan sonra ölkədə miqrantlara qarşı münasibət, polis zorakılıqları daha da sərtləşib. Fransada Afrikadan olan miqrantlar zatən ağır durumda yaşayırlar. O biri tərəfdən də onların sıxışdırılması, əlbəttə ki, Parisin bu ölkələr arasında nüfuzunun zəifləməsinə öz təsirini göstərdi. Ümimən, bu ölkədə insanlar etirazlarını ən müxtəlif formalarda bildirəndə isə onlara qarşı polis zorakılığı işə düşür. Fransa prezidenti Emmanuel Makron qədər ölkəsinin imicinə zərbə vuran ikinci bir prezident tapmaq çətindir. Prezidentlik müddətində ölkəsinin nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq. Ancaq Bakıda iyulun 5-də keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü, görüşdə qaldırılan məsələlər Fransanın nüfuzdan düşməsində həlledici rol oynadı. İlk dəfə olaraq məhz Bakıda Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparılıb. Qəbul olunan bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirdiyi üçün kifayət qədər ciddi hərəkatdır. Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkə siyasətinin ifşa olunması, bununla bağlı konkret məsələlərin gündəmə gətirilməsi və müzakirə edilməsi son nəticədə belə qərarların qəbuluna gətirib çıxarıb. Yəni BRICS sammitində Fransanın iştirakı rədd edilib. Bakı tədbirində Prezident İlham Əliyevin Fransanın kolonialist siyasətini sərt şəkildə tənqid etməsi bütün bunlara təsirsiz ötüşməyə bilməzdi. Çünki Prezident Əliyev Fransanın təcavüzkar, işğalçı siyasət yürütdüyünü Qoşulmama Hərəkatının tribunasından dəlillər və faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bütün dünya gördü ki, Fransa öz müstəmləkə keçmişi ilə hesablaşmalıdır. Paris Afrikada törətdiyi soyqırımlara, qitənin təbii sərvətlərini talamasına görə cavab verməlidir”.
Vidadi ORDAHALLI