“Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər?” Bunu Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik: “Fikrimcə, bu əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər? Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar. Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin, bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir”.
“Davamlı olaraq bu təşkilatlar ölkəmiz əleyhinə məlumat yaymaqla və təbliğat aparmaqla məşğul olublar”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, ümumilikdə sözügedən müsahibəsdə cənab Prezident çoxsaylı mühüm məqamlara toxunub: “Toxunduğu mühüm məqamlardan biri də “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” təşkilatlarının fəaliyyətidir. Əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq bu təşkilatlar ölkəmiz əleyhinə məlumat yaymaqla və təbliğat aparmaqla məşğul olublar. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Vətən müharibəsi dövründə və ondan sonra davamlı olaraq bu kimi addımlar atılır. Ermənistanda zaman-zaman insan hüquqlarının pozulmasına baxmayaraq, sözügedən təşkilatlar heç vaxt bu ölkə barəsində bir belə məlumatı yaymırlar. Ancaq mövzu Azərbaycan olduqda, ağına-bozuna baxmadan ölkəmizi qaralayırlar. Həqiqətdən uzaq, məqsədli şəkildə təhrif olunmuş hesabatların şahidi oluruq. Təbii ki, bütün bunlar sifarişli materiallardır. Üstəlik, sözügedən təşkilatlar Ermənistanla sıx bağlıdır. Eyni zamanda bir sıra hallarda bu təşkilatlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Bütövlükdə zaman-zaman bu təşkilatlar erməni diasporu ilə sıx əlaqədə olur. Əlbəttə ki, Azərbaycan belə haqsızlıqlara öyrəşib. Artıq biz uzun müddətdir belə yalan məlumatları eşidirik. Ona görə də insan hüquqlarının müdafiəsindən dəm vuran bu təşkilatların müstəqil olmasından danışmaq mümkün deyil. Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir. Bizim üçün əsas Azərbaycan xalqının, dövlətin yeritdiyi siyasətdir. Bu barədə olan obyektiv fikirlərdir. Cənab Prezident də haqlı olaraq əsas göstəricinin bu məsələ olmasını xüsusi olaraq vurğuladı və qeyd etdi. Həqiqətən də bu bir reallıqdır. Yəni qərəzli, əsassız məlumatlardansa, belə bir reallıq və yanaşma daha önəmlidir”.
Vidadi ORDAHALLI