Bakıda "Türk Dünyası" (Turkic.World) media platformasının ofisi açılıb. Qeyd edək ki, bu platforma artıq iki ildir Azərbaycanda fəaliyyət göstərir.
Bu platformada qardaş Qazaxıstan, Qırğızıstanın dövlət xəbər agentlikləri, eləcə də Türkiyənin “Albayrak Media Group”u yer almaqdadır.
Şakir Ağayev: "Türk dövlətlərinə, İslama qarşı qərəzli informasiya savaşında da platformadan istifadə olunur"
"Türk Dünyası" (Turkic.World) media platformasının əhəmiyyəti haqqında danışan "Novoe Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə açıqlamasında bunları qeyd etdi: "Türk Dünyası" media platformasının əhəmiyyəti çoxdur. İlk olaraq bildirim ki, antitürk, islama qarşı Qərb mətbuatında gedən informasiya müharibəsində bu platforma öz sözünü deyir. Həmçinin, türk dövlətlərinə qarşı qərəzli informasiya savaşında da platformadan istifadə olunur. Eyni zamanda onu da deyim ki, Türk dövlətlərinə üzv ölkələrdə cərəyan edən hər bir hadisə ilə bağlı fikir mübadiləsi aparılır. Beynəlxalq aləmdə "Türk Dünyası" media platformasının rolu xüsusi olaraq seçilir. Türk dövlətlərinin beynəlxalq aləmdə oynadığı rollar, iqtisadi, siyasi inkişafı adıçəkilən platforma sayəsində dünya ictimaiyyətinə rahat şəkildə çatdırılır".
Ş.Ağayev ümid edir ki, məlum platforma gələcəkdə də daha fəal və aktiv fəaliyyətini davam etdirəcək.
Vasif Həsənli: "Türk Dünyası” media platformasının Bakıda ofisinin açılması türk dünyasının informasiya müharibəsində eyni cəbhədə mübarizə aparması baxımından əhəmiyyətli hadisədir"
“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, “Türk Dünyası” media platformasının Bakıda ofisinin açılması türk dünyasının informasiya müharibəsində eyni cəbhədə mübarizə aparması baxımından əhəmiyyətli hadisədir. Türk dünyasının dərin inteqrasiyası istiqamətində mühüm addımlar atılır: "Həm siyasi, həm iqtisadi, həm hərbi və digər müstəvilərdə işlər həyata keçirilir. İnformasiya sahəsi burada önəmli sferadır. Çünki dünya informasiya ilə idarə olunur və bir çox hallarda ölkələrimizin ictimai rəyinə kənar müdaxilələrin edildiyi də sirr deyil. Bu baxımdan, media sahəsində fəaliyyətin birləşdirilməsi vacibdir. Bu addım türk dünyasının ictimai rəyinin milli maraqlara uyğun formalaşdırılması, o cümlədən, ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradacaq. Bununla yanaşı, türk dünyasının ictimai rəyinə kənar müdaxilələrə qarşı birlikdə mübarizə aparmaq imkanı yaranır.
Ümumilikdə isə informasiya müharibəsində güclərimizi birləşdirmək və maraqlarımızı birlikdə müdafiə etmək imkanlarımız artacaq. Güc birlikdədir və bu addımların media sahəsində gücümüzə güc qatacağını düşünürəm".
V.Həsənli hesab edir ki, təcrübə mübadiləsinin aparılması media sahəsində daha da inkişaf edə bilməyimiz üçün perspektivlər açır.
Günel CƏLİLOVA