Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - deyə o əlavə edib.
Paşinyan hətta ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.
“Beynəlxalq hüquq baxımından Qarabağ, bütün bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, - Ermənistan baş naziri bildirib.
Xatırlatmaq yerinə düşər ki, məhz 3 il əvvəl - 44 günlük müharibə ərəfəsində Nikol Paşinyanın Azərbaycana qarşı ərazi iddiaları, təxribatyönlü açıqlamalarına tez-tez rast gəlinirdi. Elə məhz onun nəticəsi idi ki, Ermənistan silahlı qüvvələri mövqelərimizə hücum planı hazırladı. Ordumuzun cavab tədbirləri nəticəsində düşmən 44 günlük savaş sonrası təslimçilik sənədinə imza atdı. İndi isə aydın görünür ki, Nikol Paşinyan da artıq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolunun qalmadığı ilə barışır.