Azərbaycanda ordu quruculuğu prosesində mühüm xidmətləri olan şəxslərdən biri kimi tanınan Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev barəsində bəzi media orqanlarında son günlərdə həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır. Lakin generalın 3 aylıq müddətə Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanıldığı iddiası tam dezinformasiya xarakteri daşıyır və bu cür məlumatların əslində, sırf yalan üzərində qurulmasını xəbərdə kifayət qədər yanlışlığa yol verilməsi də təsdiq edir. Belə ki, yayılan məlumatda generalın həbsinə dair qərarın Binəqədi rayon məhkəməsində çıxarıldığı bildirilirdi. Halbuki, hərbçinin mülki məhkəmənin qərarı ilə həbs olunması absurddur. Digər tərəfdən Hərbi Prokurorluq hərbi cinayəti araşdırırsa, təqdimatı Bakı Hərbi Məhkəməsinə verməlidir və həmin məhkəmə qərar çıxarmalıdır. Lakin dezinformasiya xarakterli məlumat hazırlanarkən bu məqam nəzərə alınmayıb və xəbərin sırf yalan üzərində qurulması buradan da açıq görünür.
Məsələ ilə bağlı Mövqe.az saytı general-mayor Mahmud Həmzəyevlə əlaqə saxlayıb. General-mayor Mövqe.az saytına eksklüziv açıqlamasında bu cür xəbərləri gülüşlə qarşıladığını bildirib və qeyd edib ki, belə yalan məlumatları ancaq xəbis və vicdanını itirmiş, ona qarşı qərəzli mövqe tutan insanlar yaya bilər: «Görünür, kimsə mənə qarşı kampaniya aparmaq istəyir. Mən uzun illər Azərbaycan Ordusunda xidmət etmişəm və general rütbəsinə kimi yüksəlmişəm. Bu rütbə məhz ordudakı xidmətlərimə görə mənə verilib. Təqaüd yaşıma çatdığımdan ordudan təxris olunmuşam. Bir daha qeyd edirəm ki, mən həbs olunmamışam və hazırda Qazaxda evimdə istirahət edirəm».