Dünən sosial şəbəkədə müəyyən adamlar Azərbaycanda nurçu olduğu deyilən məmurlar barədə xəbər yayan gizli səhifənin qəzetimizin baş redaktor müavini Samirə Səfərovaya məxsus olduğuna dair öz aləmlərində guya yeni «sübutlar» gətiriblər. Guya həmin səhifədə əvvəllər Samirə xanımın şəkilləri olub, sonra silinib. Bu məlumatda baş redaktorumuzun özünə də «söz atıldığı» üçün Aydın Quliyevin məsələyə daha bir münasibətini açıqlamağı vacib bildik.
Aydın Quliyev bildirib ki, bəlli dairələrin gizli səhifənin guya müavini Samirə Səfərovaya məxsusluğu barədə gətirdiyi «yeni sübutlar» da mənasızdır.»Guya həmin səhifədə əvvəllər Samirə xanım özünə aid şəkillər yerləşdirib, gizli məsələ açılandan sonra isə həmin şəkilləri səhifədən götürüb. Bu «qoçaqlar» da bununla bir daha o qənaətə gəliblər ki, səhifə Samirə Səfərovaya məxsusdur.
Əvvəla, araşdırmışıq ki, Samirə Səfərovaya aid şəkillər onun dostluq etdiyi onlarla sosial şəbəkə səhifəsində var, özü də bunlar paylaşma nəticəsində yayılır. Sosial şəbəkədən az-çox başı çıxanlar bilir ki, hansısa şəxsin şəkli paylaşma yolu ilə istənilən başqa profillərə düşə bilər.Bunu əsas tutub profilin konkret kiməsə məxsusluğunu iddia etmək şəbəkə texnikası baxımından da səriştəsizlik əlamətidir.
İkincisi, çox ehtimal ki, gizli səhifənin əsl idarəçiləri (?) Həmin səhifədən Samirə Səfərovanın şəkillərini götürməklə Samirə xanım barədə ilk yalan xəbərləri yayanları yanlış yolda daha da dərinə salıblar, daha da azdırıblar. Təəssüf ki, «qoçaqlar» bu taktikanın əsl mənasını anlamayıblar və «Samirə xanımın şəkilləri silinibsə, deməli, əsl sahibkar odur» kimi sadəlövh məntiqlə işləyiblər.
Üçüncüsü, bizi şərə-böhtana salmaq istəyənlərdən fərqli olaraq, biz sosial şəbəkə ilə davranışın nə olduğunu çox yaxşı bilirik. Əgər gizli profildən nəsə yaymağa ehtiyacımız olsaydı, bunu onların qələmə verdiyi kimi belə axmaqcasına həyata keçirməzdik, yəni Samirə xanımın şəklini oraya yerləşdirib sonra da gizli səhifə adı ilə materiallar yaymazdıq.
Nəhayət, məni guya hansısa tapşırığı səriştəsiz icraçılıqda suçlayanlara demək istəyirəm ki, mən onları çox yaxşı tanıyıram, o üzdən onlar barədə fəhmlə, ehtimalla yox, tutarlı faktlarla öz adımdan danışa bilərəm. Ancaq buna ehtiyac olanda... Mən onlardan fərqli olaraq hansı səviyyəli təşkilatçı, icraçı və ideoloq olduğumu çoxdan sübut etmişəm. İndi isə biz öz işimizlə məşğul oluruq, gündəlik, ciddi qəzet buraxırıq, dövlətçilik üçün vacib saydığımız istənilən materialı çap etməkdə heç bir problemimiz yoxdur. Bizi şərə salmaq istəyənlər isə daha ciddi, sanballı işlərlə məşğul olsalar, pis olmaz. İtirdiklərini başqa istiqamətlərdə axtarsınlar. Biz onlar kimi boş və mənasız işlərlə məşğul olmuruq».
İradə SARIYEVA