Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin süni mayalanma məsələsinə dair mətbuata verdiyi açıqlama ilə bağlı irad xarakterli bəyanat verib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir:
"İslam hüququ (fiqh) və şəriət hökmlərinə görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının rəhninə tibbi üsulla yerləşdirilməsinə şəriət baxımından icazə verilir. Bu yolla doğulan uşaqlar şəri baxımdan bütün hüquqlara malik olurlar.
Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olurlar. QMİ olaraq birmənalı şəkildə bunu bəyan edir və nikahdankənar şəxslərin donorluq məsələsinə dair məlumatlar verilərkən QMİ-nin buna guya müsbət rəy verməsi barədə təhrifli fikirlərin yayılmasına etirazımızı bildiririk.