Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub: "Vaxtilə prezident Heydər Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər siyasəti olub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Elə o vaxtdan Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli dövlət proqramı qəbul olunub. Bu istiqamətdə dövlətin siyasəti mütəmadi olaraq yenilənərək təkmilləşib. Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni sektor yaradıldı.