17/02/2019 20:57
728 x 90

Tarixdə iz buraxanlar: Əbdürrəhim bəy Haqverdiyev

img

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il may ayının 17-də Şuşanın Ağbulaq kəndində anadan olub. Atası Əsəd bəy, anası Hüsnücahan xanımdır. Əbdürrəhim bəy üç yaşında ikən atası vəfat edir, onun tərbiyəsilə atalığı H.Sadıqbəyov məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Yusif bəyin məktəbinə qoyur.

Burada Əbdürrəhim rus dilini öyrənir. 1890-cı ildə o, Şuşa realnı məktəbinin altıncı sinfini bitirdikdən sonra Tiflisdəki realnı məktəbə daxil olur. Əbdürrəhim bəy Tiflisdə realnı məktəbi bitirdikdən sonra isə ali təhsil almaq üçün Peterburqa gedir və orada Yol Mühəndisləri İnstitutuna daxil olur. O, Peterburqda olduğu 8 il müddətində Peterburq Universitetində də təhsil alır, dil və ədəbiyyat məsələlərilə məşğul olur. Peterburq ədəbi mühitinin, tez-tez Aleksandrinsk teatrında baxdığı tamaşaların təsirilə Əbdürrəhim bəydə sənətə, teatra olan həvəs daha da artır.

Gənc yazıçı özünün “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı ilk əsərini də Peterburqda yazır. 1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır və burada yaradıcılıqla məşğul olur. Ədib “Bəxtsiz cavan” pyesini Şuşada yazır və bu pyes 1900-cu ildə tamaşaya qoyulur.

Əbdürrəhim bəy 1901-ci ildə Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyesini yazır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır. Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar açır. O burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlarla işləyir, teatr üçün reportaj hazırlayır, rejissorluq edir, dərs deyir...

Bu dövrdə Haqverdiyev rəhbərlik etdiyi teatrda səhnəyə qoyulan “Hacı Qara”, “Vəziri-xani-Lənkəran”, “Müfəttiş”, “Otello”, “Qacarlar”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Adı var, özü yox”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” və başqa pyeslərdə, hər şeydən əvvəl, ideyanın təhrif olunmamasına, aktyor oyunundakı təbiiliyə çox fikir verirdi. Aleksandrinsk teatrında fəaliyyət göstərən Davıdov, Varlamov, Dolmatov kimi dövrün görkəmli səhnə ustalarının aktyorluq sənətinə yaxşı bələd olan ədib milli Azərbaycan səhnəsində də belə istedadlı səhnə xadimlərinin yetişməsi yolunda bütün varlığı ilə çalışıb. Əbdürrəhim bəy Haqverdiyev Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Murad Muradov kimi görkəmli sənət ustalarının səhnəyə cəlb edilmələrinə, bir aktyor kimi kamilləşmələrinə xeyli əmək sərf edib.

Əbdürrəhim bəy Haqverdiyev 1904-cü ildə Şuşa şəhər idarəsinə üzv seçildiyi üçün yenidən oraya qayıdır. Fəqət o, burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqa qayıtmalı olur. Əbdürrəhim bəy burada “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumatlar toplamaq üçün İrana səyahət edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulub və ondan sonra uzun zaman səhnədə oynanıb.

1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edib.

Əbdürrəhim bəy “Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində çalışdığı müddətdə vəzifəsi ilə əlaqədar olaraq İranı, Qafqazı, Orta Asiyanı və Volqaboyu ölkələrini gəzib. Bu səyahət ədibdə yeni yaradıcılıq intibahı yaradıb. 1910-cu ildə Həştərxanda N.Nərimanovla bərabər şəhərin ictimai və mədəni həyatında fəal çalışıb.

1911-ci ildə vəzifəsindən azad edilən Haqverdiyev Ağdama köçüb. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirib, “Molla Nəsrəddin” jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq publisistik məqalələr yazıb.

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan tarixinin mühüm bir dövrünü öz əsərlərində əks etdirib. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olub. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” pyeslərini yazıb və istedadlı bir dramaturq kimi tanınıb.

Adları çəkilən bu əsərlərdə yazıçı get-gedə həyat səhnəsində öz mövqeyini itirən, tənəzzülə üz qoyan mülkədarların süqutunu təsvir etməklə bərabər, onun təbiətinə xas olan tipik xüsusiyyətləri: yeni qüvvələrə qarşı çıxdığını, istismarçılığını, əxlaq düşkünlüyünü, əyyaşlığını və əməkçi insana mənfi münasibətini açıb göstərib. Yazıçı bu dövrdə mülkədarlığın çürümə prosesi keçirdiyini, cəmiyyətin ciddi islahatlara möhtac olduğunu dərk edən, kəndlilərin hüquqlarını müdafiəyə qalxan sürətlər yaradıb. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatından alınıb. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilib.

Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı faciələrdən ibarət məşhur əsərin yaranmasında ədibin hələ Şuşada ikən içərisində dolaşdığı mühiti ətraflı müşahidə etməsi böyük rol oynayıb. O, yeniyetmə ikən mülkədarlığın iflasını görürdü. Peterburqa gəldikdən sonra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl ideyaları ilə tanışlıq onun dünyagörüşünün genişlənməsinə kömək edib. 1880-1890-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxal-feodal münasibətləri burjua münasibətlərilə əvəz olunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər “Dağılan tifaq” faciələrində əks olunub. Müəllif bu pyesdə Nəcəf bəy və onun “yeyib-içmək” dostları olan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin get-gedə zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb çıxarıldıqlarını göstərib. Əsərdə eyni zamanda yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılıb. Artıq elə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. Bütün bunlar XIX əsrin sonlarında Azərbaycan mülkədar həyatı üçün səciyyəvi idi və Haqverdiyev gördüyü həqiqətləri qələmə alırdı.

“Dağılan tifaq” faciəsinin əsas surətlərindən olan Sona xanımın simasında müəllif təkcə bəy arvadlarının deyil, feodal-patriarxal cəmiyyətdə yaşayan hüquqsuz qadınların ümumiləşmiş surətini yaradır. Sona xanım “Dağılan tifaq” pyesinin ən yetkin müsbət surətidir. Ədib onun dililə öz humanist arzularını, insanpərvər meyllərini ifadə edib. Sona xanım elə günləri arzu edir ki, ürəyindəkiləri açıq deyə bilsin. Başqa sözlə, o arzu edir ki, ona cəmiyyətdə öz haqqını müdafiə üçün hüquq verilsin. Bu əsərdə yazıçının xalqa münasibəti öz əksini tapıb.

Ümumiyyətlə, köhnə zehniyyətlə, istismar və ictimai ədalətsizliklə mübarizə, köhnə ilə yeninin, Rusiyadakı və Azərbaycandakı qabaqcıl, demokratik fikirlərin təbliği Əbdürrəhim bəy Haqverdiyevin bu dövrdəki yaradıcılığında mühüm yer tutur.

Yaradıcılığının birinci dövründə dram əsərləri yazan Əbdürrəhim bəy ikinci dövründə (1905-1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olub. Bu illərdə o, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradıb, onun yeni məzmunla zənginləşməsinə, formaca kamilləşməsinə kömək edib. Həmin dövrdə ədib bir sıra səhnə əsərləri yazıb: “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər”, “Xəyalət” və s.

Kiçik həcmli “Millət dostları” adlı satirik pyesdə ədib özünü “millət dostları” adlandıran pozğun burjua ziyalılarının ikiüzlülüyünü, sözləri ilə əməlləri arasındakı ziddiyyəti tənqid edir. Mühəndis Firudin bəy, meşəbəyi Səfər bəy, təbib Vəli bəy, vəkil Əsgər bəy xalq adından, millət adından ağzı köpüklənə-köpüklənə danışır, canıyananlıq edir, özlərini “qeyrətli müsəlman”, “millət qayğıkeşi”, “müsəlman camaatının həmişə qabağa getməyə çalışan” kimi göstərirlər. Qadın və şərabı hər şeydən əziz tutan həmin adamlar, əslində xalqı, milləti ələ salan tüfeylilərdir. Ədib bu “qeyrətli” burjua ziyalılarının orijinal bir yolla ifşa edir: oturdular, “avam arasında savad intişar edən cəmiyyət” düzəltdilər, yedilər, içdilər, bir-birinin baş-gözünü əzişdirdilər və dağıldılar. Pyesin sonunda nökər Səfinin sərxoş burjua ziyalılarının dalınca dediyi: “Bəli, İslam qabağa getdi” sözləri xüsusi bir qüvvədə səslənir.

“Ağa Məhəmməd şah Qacar” pyesini yaratmaq üçün Haqverdiyev təsvir etdiyi dövrü təfərrüatı ilə öyrənmək üçün ciddi tədqiqat işi aparıb. O, tarixi faciə yazmağın çətinliyini bir sənətkar kimi gözəl başa düşüb, özündən əvvəl faciə yazan Avropa və rus dramaturqlarının əsərlərini mütaliə edib.

“Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdəki ikinci tarixi faciə idi. Birinci tarixi faciə olan “Nadir şah”ı Nəriman Nərimanov 1898-ci ildə yazıb. N.Nərimanov da, Ə.Haqverdiyev də yaradıcılıqlarında realist M.F.Axundov ədəbi məktəbinin görkəmli davamçıları idilər.

Əbdürrəhim bəy Haqverdiyev tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir edib. 1907-ci ildə və ondan sonra uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyesin tamaşaya qoyulduğu illər İranda inqilabi mühitin yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyesdə müəllif tək bir müstəbidi ifşa etməklə kifayətlənməyib, ümumiyyətlə Şərq istibdadını və onun törətdiyi vəhşilikləri tənqid edib.

Əbdürrəhman bəy Haqverdiyev yaradıcılığının ikinci dövründə C.Məmmədquluzadə, M.Ə.Sabir kimi inqilabçı-demokrat sənətkarlarla çiyin-çiyinə gedib, XX əsr ədəbiyyatının ən qüdrətli sənətkarlarından biri kimi tanınıb.

1920-ci ildən sonra Əbdürrəhim bəyin yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə (1920-1933) Haqverdiyevin görüşlərində əmələ gələn ciddi dönüş yazdığı pyeslərdə öz əksini tapır. O, həmin əsərlər və bir çox gözəl hekayələrilə sovet dövrü Azərbaycan ədəbiyyatının ilk yaradıcılarından olub. Yazıçı sovet dövründə də hekayələr yazıb. Bu hekayələr mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çar hakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər, xanlar, tacirlər, çinovniklər və polis məmurlarının acgözlüyü tənqid edilir.

Əbdürrəhim bəyin “Mirzə Səfər” hekayəsində açıq gözlü, namuslu bir ziyalının surəti verilir. Mirzə Səfər idarədə katib vəzifəsində çalışır. Yuxarı təbəqə işçilərinin çoxu rüşvətlə baş girlədiyi halda, Mirzə Səfər insanı başı aşağı edən bu çirkin əmələ nifrət edir. O, az gəlirlə kifayətlənir. Onun yaltaqlardan zəhləsi gedir. Onun uşaqlarını məktəbdən çıxarırlar. Bu hadisə Mirzə Səfərə ağır təsir etsə də, Həsən ağa kimi murdar adama baş əymir. O sınır, amma düşmən qabağında əyilmir, çünki əyilmək xasiyyəti Mirzə Səfərin təbiətinə ziddir.

“Qaban” hekayəsində çar hakimiyyəti illərində qaçaq Əbdülkərimin öz yoldaşları ilə şəxsi və ictimai zülmə, haqsızlığa qarşı mübarizəsi təsvir olunur. Qaçaq Əbdülkərimin anasına olan səmimi münasibəti və anasının mərd siması yazıçı tərəfindən canlandırılıb. Ananın məğrur hərəkəti heç vaxt yaddan çıxmır: “Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçarsa, sənə oğul demərəm”.

Ədib yeni əsərlər yazmaqla, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir, Azərbaycanın zəruri məsələləri ilə də məşğul olur. O, öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan bir alim idi. Ədibin Azərbaycan teatrı, tarixi dram, xalq tamaşaları, milli şeir, realist ədəbiyyatımızın bəzi məsələləri haqqında dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirmir.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor

Son xəbərlər