Bakıdakı klinikalarda müxtəlif analizlərin yekunları barədə rüsvayçı fərqliliklər…

Son vaxtlar klinikalara müraciət edən şəxslərə lazımsız təyin edilən analizlərin çoxluğu ilə bağlı tez-tez yerli mediada məlumatlar yayılır. Bəzən eyni analizlərə müxtəlif klinikalarda fərqli nəticələrin verilməsi də müzakirələrə səbəb olur.
Eyni analizin müxtəlif klinikalarda verilməsinə baxmayaraq, nəticələr fərqli olur. Bu hal həmin müayinələri şübhə altına salır.
- “Bəzi analizlərin nəticələri gün ərzində dəyişə bilər, məsələn, qanın ümumi analizi, şəkər və s. stabil qalmır”
Məsələ barədə fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, verilən analizlər arasında fərqlər normaya yaxın olmalıdır: “Bəzi analizlərin nəticələri gün ərzində dəyişə bilər. Məsələn, qanın ümumi analizi, şəkər və s. stabil qalmır. Analizlərin nəticələrində müəyyən fərqlər ola bilər, ancaq nəticə arasında ciddi fərq olmamalıdır. Analiz nəticələrinin altında laboratoriya müdiri qol çəkir və məsuliyyət daşıyır. Nəticələrlə bağlı narazılıq yaranarsa, bu məsələ mütləq araşdırılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün laboratoriyalar haqqında bir söz demək çox çətindir. Laboratoriyada olan aparatların bir çoxu vaxtında tənzimlənmir. Reaktivə uyğun olaraq hər dəfə tənzimlənməlidir. Reaktivlər köhnəlir, vaxtı keçir: “Bu tip problemlər, təəssüflər olsun ki, var. Bahalı reaktivləri isə almaq istəmirlər. Bunlar da hamısı analizlərin nəticələrinə təsir göstərir. Etiraf etmək lazımdır ki, bu problemlər var. Çox vaxt xəstələr də şikayət etməkdə haqlı olurlar. Bu işlə məşğul olan həkimlər, laborantlar diqqətli olmalı, bu işin məsuliyyətini dərk etməlidirlər".
A.Qeybullanın sözlərinə görə, hər xəstəxananın özünün laboratoriyası var. Burada isə kifayət qədər təcrübəli, təhsilli laborant oturmalıdır: "Ən azı, aparılan müalicədən xəbəri olmalıdır. Bəzi xəstəxanalar müəyyən laboratoriyalarla əməkdaşlıq edirlər. Onlar həmin analizi başqa laboratoriyalara göndərirlər. Bunlar, əlbəttə, nəticəyə təsir göstərir. Çox az mərkəz var ki, əksər analizləri özləri həyata keçirir".
Ekspert xüsusi olaraq vurğuladı ki, analizlərlə bağlı problemlər qısa müddətdə həllini tapacaq: “Məlumdur ki, 2020-ci il yanvar ayının 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bununla da sözügedən məsələ ilə yanaşı, bir çox problemin həlli də mümkün olacaq. Çünki tibbi sığortadan sonra xəstə həkimin qəbuluna protokolla gələcək və müəyyən analizlər üçün artıq pul köçürmədiyi səbəbindən ona lazım olan analizlərdən keçə biləcək. Eyni zamanda, artıq burada ödənişlə bağlı məsələ olmadığı üçün, əlavə analizlərin verilməsi təklif edilməyəcək”.
Günel CƏLİLOVA