Sabunçu dairəsindən Zabratadək “öldürücü” tıxacların səbəbi – yolboyu obyektlər və avtomobil parklamaları...

Bağ mövsümü ilə əlaqədar olaraq Sabunçu-Zabrat yolunda tez-tez tıxaclar yaranır. Məsələ ondadır ki, havaların isti keçməsi ilə əlaqədar bir çoxu Bakıətrafı kəndlərdəki bağ evlərində qalır. Oradan işə gedib-gəlirlər. Bununla yanaşı, çimərliyə gedənlərin çoxu da məhz bu yoldan istifadə edir. Bu səbəbdən Sabunçu-Zabrat yolunda səhər və axşam saatlarında avtomobillərin sayı həddən artıq çox olur.
Sözügedən yolun uyğun alternativi yoxdur. Dolayı alternativ yollar olsa da, məsafəcə uzaq olduğundan, sürücülər həmin yollardan istifadə etməkdə maraqlı olmurlar. Xüsusən də həftənin bazar və cümə günlərində yolda tıxaclar daha çox müşahidə edilir. Bunun bir səbəbi onunla əlaqədardır ki, paytaxt sakinlərinin bir qismi həftəsonu bağa gedir. Bütün bunlar təbii ki, Sabunçu-Zabrat yolunda hərəkət intensivliyinin artmasına öz təsirini göstərir.
Tıxacın yaranmasının bir səbəbi də yolboyu müxtəlif satış və xidmət obyektlərinin yerləşməsi ilə əlaqədardır. Problem ondadır ki, obyektlərin qarşısında, daha dəqiq desək, yola düşən hissədə avtomobillər saxlanır. Kimi maşını park etmək məqsədilə, kimisi də digər məqsədlər üçün saxlamalı olur. İstənilən halda, bu, avtomobillərin hərəkət intensivliyinin yüksək olduğu yolda intervalın pozulmasına səbəb olur ki, nəticədə tıxac yaranır. Tıxacın yaranma səbəblərindən biri də məhz avtomobillərin yolun hərəkət hissəsində saxlanmasıdır. Obyektlərin qarşısında avtomobillər park edilməsə, bəlkə də belə böyük tıxaclar yaranmaz.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı.
- Azər Allahverənov: “İkinci-üçüncü cərgədə duran avtomobillər varsa, onlar birmənalı şəkildə cərimələnməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu problem nəinki Sabunçu-Zabrat yolunda, digər yollarda da müşahidə edilir: “Həmin obyektlərin qarşısında dayanacağın olması, obyektlərin anbarının girişinin olmaması yolun zəbt olunmasına gətirib çıxarır. Dəfələrlə belə halların şahidi oluruq. Hansısa ticarət obyektinin qarşısında avtomobillər yolun 2-ci, hətta 3-cü sırasında dururlar. Ekspeditorlar obyektə mal gətirəndə tıxac yaranır. Bütün bunlar, əlbəttə ki, xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Belə hallarla necə mübarizə aparılmalıdır? Birincisi, dayanma-durma qaydalarını pozan sürücülərə qarşı daha sərt cəza tədbirləri görülməlidir. Onların üzərində nəzarət gücləndirilməlidir. Həmin obyektlərin qarşısında ikinci-üçüncü cərgədə duran avtomobillər varsa, onlar birmənalı şəkildə cərimələnməlidir. İkincisi, həmin obyektlərin sahibləri ilə müəyyən iş aparılmalıdır ki, onlara hansısa ərzaq məhsulları gətirən şirkətin avtomobilləri digər alternativ variantlardan istifadə etsinlər. Məsələn, dükanın imkanları varsa, onun həyətində belə bir imkanlar yaradılsın. Ancaq müşahidələr göstərir ki, ekspeditorlar bunda maraqlı deyillər. Onlar obyektin qarşısında durmağa və yolun hərəkət hissəsini zəbt etməyə üstünlük verirlər. Çünki onlar bu minvalla yükü daha tez boşaltmaq istəyirlər. Ona görə də yol kənarında yerləşən obyektlər qarşısında dayanma-durma qaydalarına nəzarət mexanizmi yaradılmalıdır. Hesab edirəm ki, bu kimi kompleks tədbirlər görülsə, nəticə əldə etmək mümkündür”.
Vidadi ORDAHALLI