İyulun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası AMEA-nın Milli Elm Kitabxanasında “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi “Şəhid qardaşlar” kitabının təqdimatını keçirdi.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olmuş qardaşlar, Şəmkirin qəhrəman oğulları – Cavid Məmmədov və Çingiz Məmmədovun həyat, döyüş yolu və qəhrəmanlığından bəhs edir.
Kitabın müəllifi tanınmış şair-publisist Rəfail Tağızadədir. R.Tağızadə adıçəkilən kitabda Cavid Məmmədov və Çingiz Məmmədovun gəncliyə örnək davranışlarını, mənəvi keyfiyyətlərini, hamıya nümunə ola biləcək həyat tərzini kitabın əsas süjet xətti seçib, gənclərdə vətənpərvərlik hissləri aşılamağa çalışıb. Layihənin rəhbəri Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovadır.
Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu zəruri xarakteri “Şəhid qardaşlar” kitabında da aydın müşahidə etmək mümkündür.
Təqdimat mərasimi Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq bildirdi ki, bütün insanların borcu Vətən uğrunda şəhid olanların xatirəsini əziz tutmaqdır. Sonra tədbiri aparmaq üçün sözü kitabın müəllifi Rəfail Tağızadəyə verdi. Tədbirdə Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, şəhidlərin qohumu Cəmşid İrzaquliyev, Respublika Veteranlar Şurasının üzvü Rasim Məmmədov, yazar Təranə Məmməd, Əməkdar artist Azad Şükürov, AYB-nin sektor müdiri, şair - bəstəkar Şahin Musaoğlu, filologiya elmləri namizədi Lütfiyyə Əsgərzadə, professor Maarifə Hacıyeva, müharibə veteranı Əkbər Rüstəmov, şairə, alim Adilə Nəzər çıxış etdilər. Sonra "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından şəhid Əmrah Abışova həsr olunmuş “Vətən daşı..." sənədli filminin təqdimatı oldu. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur.
Filmin nümayişindən sonra söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızına, kapitan Taleh Əliyevə, şəhidlərin atası İlham Məmmədova verildi.
Sonda Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış etdi.
Tədbirdən geniş yazını növbəti sayımızda təqdim edəcəyik.
İradə SARIYEVA