“Bəzi apteklərdə dərman vasitələri düzgün şəraitdə saxlanılmır”. Bunu millət vəkili Kamilə Əliyeva Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, dərmanları sıra ilə rəflərə düzürlər: “Amma saxlanma şəraitinə nəzarət etmirlər. Nəzərə alsaq ki, yaydır, buna daha çox diqqət etmək lazımdır. Saxlama şəraiti düzgün olmadığı zaman dərmanların keyfiyyəti də itir”.
Ekspertlər də təsdiq edir ki, bu gün əksər əczaxanalarda dərmanların saxlanılma qaydasına əməl edilmir. Xüsusilə yay fəslində preparatların hansı dərəcədə saxlanılmasına diqqət edilmir. Nəticədə həmin dərmanın keyfiyyəti itir, ya da zəhərlənmə baş verir.
“Əsasən yağ tərkibli, əriyən, formasını itirən preparatları soyuducuya qoyurlar, ancaq digərlərini normal otaq havasında saxlayırlar, bu isə düzgün deyil”
Farkoloq Sənubər Əzimova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir dərmanın xüsusi saxlanma qaydası var: “Bəzi dərmanları hətta normal istilikdə olan bir şkafda saxladıqda da tərkibində dəyişiklik baş verə bilər. Buna görə də həmin dərmanlar soyuducuda, müəyyən temperaturda saxlanmalıdır. Dərmanların üzərində saxlanma şəraiti yazılır. Dərmanlar sərin və quru yerdə saxlanmalıdır. Amma aşağı temperatur tələb olunan dərmanlar soyuducunun alt qatında saxlanmalıdır. Əczaxanalarda çalışan şəxslər bu qaydalara əməl etməlidir. Aptekə termometr qoyulmalıdır. Bununla otağın hava normasını nəzarətdə saxlamaq olar. Məlumdur ki, hər gün aptekə çoxlu sayda müştəri gəlir, bu qədər adamı cəlb etmək üçün təmizlik və dərmanların keyfiyyəti mütləq şərtlərdən biridir”.
S.Əzimovun sözlərinə görə, bəzi apteklərdə dərmanların saxlanma qaydasına tam əməl edilmir. Dərmanlar normal temperaturda saxlanılmır: “Əsasən yağ tərkibli, əriyən, formasını itirən preparatları soyuducuya qoyurlar. Ancaq digərlərini isə normal otaq havasında saxlayırlar. Bu isə düzgün deyil. Məlumdur ki, dərmanlar qaranlıq yerdə saxlanılmalıdır. Əksər insanlar dərmanların aptekdə rəflərdə açıq şəkildə saxlanıldığını müşahidə edə bilər. Aidiyyəti qurumlar bu məsələni nəzarətə götürməlidir. Mütəmadi olaraq apteklərdə monitorinq keçirilsə əczaçılar dərmanların saxlanma qaydasına əməl edərlər”.
Günel CƏLİLOVA