İcbari Tibbi Sığortanın tətbiqi və xidmət zərfinin genişliyi müsbət haldır. Amma bu heç də bütün xəstəliklərin xidmətlər zərfində yer alması demək deyil, hələ də bir sıra müalicəsi çox baha qiymətə başa gələn xəstəliklər var ki, onlar xidmətlər zərfində yer almayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumatına görə, hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qara ciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub: “Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub. Bununla yanaşı, Xidmətlər Zərfində bəzi tibbi xidmətlərin tarifinin artırılması da təkliflər siyahısında yer alır”.
Bu siyahıya bədxassəli şişlər niyə daxil edilməsin? Böyrək, qara ciyər, sümük iliyi niyə daxil olmasın?
"Bu xəstəliklər indiyə qədər İcbari Tibbi Sığorta Zərfinə daxil edilməyibsə, demək burada bizim bilmədiyimiz nüanslar var"
Ekspert İlqar Hüseynli "Bakı-Xəbər"ə şərhində "Ümumiyyətlə, bu sahədə çox ciddi diskriminasiya halları, problem və narahatlıqlar var. Bildiyiniz kimi, Azərbaycanda ən çox yayılan xəstəliklər sırasında bədxassəli şişlər, qara ciyərin transplantasiyası, böyrək çatışmazlığı, sümük illiyi və sair xəstəliklər də yer alıb. Bunlarla bağlı çox ciddi böhranlı bir durum var. Deyərdim ki, burada mütəxəssis çatışmazlığı, yüksək ixtisaslı kadrların azlığı, transplantasiya imkanlarının olmaması kimi məsələlər də var.
Amma istənilən halda böyrək, qara ciyər, sümük iliyi, bədxassəli şişlər kimi insanların ən çox əziyyət çəkdiyi xəstəliklər İcbari Tibbi Sığorta Zərfinə daxil edilməlidir. Bu xəstəliklərin müalicəsi, əməliyyatı İcbari Tibbi Sığorta ilə qarşılanmalıdır" - deyə bildirdi.
İ.Hüseynli hesab edir ki, belə ciddi xəstəliklərin xidmətlər Zərfinə daxil edilməsi üçün tərəddüd edilmədən qərar qəbul edilməlidir. "Bu xəstəliklər indiyə qədər İcbari Tibbi Sığorta Zərfinə daxil edilməyibsə, demək burada bizim bilmədiyimiz nüanslar var. Burada inhisarçılıq məsələsi də əsas faktor rolunu oynaya bilər. TƏBİB-in göstərdiyi xidmətlərlə və İcbari Tibbi Sığorta xidmətləri ilə bağlı cəmiyyətdə çox ciddi narazılıqlar var. Hətta elə xəstəliklər var ki, xidmətlər Zərfinə daxildir, amma TƏBİB tərəfindən xəstəxalarda cərrahlara limit qoyulub ki, ay ərzində 1-2 xəstə əməliyyat edə bilər, ondan artıq olmaz. Hesab edirəm ki, xəstəliklər arasında ayrıseçkilik aradan qaldırılmalıdır" - deyə İ.Hüseynli qeyd etdi.
Aytəkin KƏRİMLİ