Bu gün ölkədə hər kəsin diqqəti Gədəbəyin Söyüdlü kəndinə yönəlib. Məlum olay çərçivəsində yaşananlar bir çox qaranlıq məqama aydınlıq gətirdi və bu yöndə davam etdirilən işlər nəticəsində başqa məsələlər də, iddialar da aydınlaşacaq.
Bu barədə geniş danışmaq istəməsək də, bir faktı qeyd edək ki, həm məlum olayla bağlı yaradılan dövlət komissiyası, həm də tibbi müayinələr söyüdlülərin üzərində oyun quranların oyununu pozacaq.
Məlum olduğu kimi, Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə səhiyyə orqanları tərəfindən kənd sakinlərinin tibbi müayinələri təşkil edilib. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır.
Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, LOR, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.
İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib.
"Bu müayinə prosesi çox operativ şəkildə həyata keçirilir"
"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Söyüdlü sakinlərinin müayinəsinin təşkil edilməsi çox müsbət haldır:"Söyüdlü camaatının tibbi müayinədən keçirilməsi çox vacib idi. Bu müayinə prosesi çox operativ şəkildə həyata keçirilir. Həkimlərin bu işə zamanında cəlb edilməsi yaxşı oldu. Təbii, bu həm bizim o insanların sağlamlığının hansı vəziyyətdə olduğunu bilməyimiz, həm də kənd sakinlərinin üzərində oyun oynamaq istəyənlərin niyyətlərinin puça çıxması baxımından lazım idi. Kənd sakinlərinin müayinəsinə başlanılıb. Məlumatlara görə, müayinəsi aparılan sakinlərdə həyatları üçün təhlükəli hər hansı bir xəstəlik aşkarlanmayıb. Kimlərsə Gədəbəy sakinlərinin saflığından, təmizliyindən sui-istifadə edib onları oyuna salmaq istəyiblər. Artıq aksiyanı təşkil edənlərdən biri saxlanılıb. Müəyyən qüvvələr var ki, qarışıqlıq yaratmaq istəyir, bu zaman onlar belə provokasiyalara əl atırlar. Hesab edirəm ki, bu barədə yekun sözü aparılan araşdırmalar deyəcək".
F.Hacəbəylinin sözlərinə görə, həmin qüvvələrin Söyüdlü üzərində qurduğu təxribat ifşa olundu və onların maskası yırtıldı.
O ümid edir ki, söyüdlülərin problem saydığı məsələlər həll olunacaq, əsas odur ki, onlar dövlətin diqqəti ilə təmin olunub.
Aytəkin KƏRİMLİ