Son zamanlar müəllimlərin işə qəbulu zamanı vakant yerlərin gizlədilməsi ilə bağlı şikayətlər olduqca artır. Gənc müəllimlər iş tapa bilməməkdən, məktəb direktorlarının vakant yerləri müsabiqəyə təqdim etməməsindən narazılıq edirlər.
Onu da qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb: “Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinfə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik”.
Nazirin açıqlamasından sonra vakansiya yerlərinin gizlədilməsi ilə bağlı müzakirələr geniş yayılıb. Maraqlıdır, direktorların vakant yerləri sistemdən gizlətməsi mümkündürmü?
“Vakansiya yerlərinin gizlədilməsinin qarşısının alınması istiqamətində ölkədəki bütün məktəblərdə monitorinqlər keçirilməlidir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər il müəllimlərin işə qəbul imtahanında müəyyən problemlər yaranır. Bunlardan ən başlıcası isə vakansiya yerlərinin gizlədilməsidir: "İmtahanda təxminən 50-60 min müəllim iştirak edir. Vakant yerlər isə 8-9 min olur. Təəssüf ki, vakant yerlər direktorlar, yaxud da müvafiq aidiyyəti şəxslər tərəfindən gizlədilir. Həmçinin direktorlar vakant yerləri rüşvət müqabilində kiməsə satırlar. Hazırda Azərbaycanda ümumilikdə 4400 orta məktəb fəaliyyət göstərir. Müəllim heyətinin sayı isə 160 minə yaxındır. Vakansiya yerlərinin gizlədilməsinin qarşısının alınması istiqamətində ölkədəki bütün məktəblərdə monitorinqlər keçirilməlidir. Monitorinq aparılsa, vakant yerlərin gizlədilməsi faktının qarşısını almaq mümkün ola bilər”.
Ekspert onu da əlavə etdi ki, indiki halda müəllimlərin işə qəbulunda vakansiya yerlərinin gizlədilməsi çətin məsələdir. Çünki bunu məktəb direktorları edə bilməz. Belə bir hal varsa, bu faktla üzləşənlər Elm və Təhsil Nazirliyinin 146 xidmətinə zəng edib bununla bağlı informasiya verə bilərlər. O da məlumdur ki, nazirliyin özü də bunun qarşısını almaq istəyir. Ona görə də vakant yerlərin gizlədilməsi hallarına şahid olanlar mütləq şəkildə bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsə daha yaxşı olar”.
Günel CƏLİLOVA