"Son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq, məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır. Hədəf bir bu qədər də əmək müqavilələrinin olmasıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.
Məlumat üçün qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır.
Ekspertlər hesab edir ki, əmək müqavilələrinin sayının az olmasının səbəblərindən biri də işçilərin əmək haqqından məcburi qaydada sosial sığorta ödənişinin çıxılmasıdır. Məlumdur ki, sosial sığorta ödənişinin məbləği elə də az deyil. Həmçinin, işçilərin əmək haqqından pensiya fondu, məşğulluq fondu, işsizliyə görə müavinət və tibbi sığorta üçün vəsait çıxılır. Bir sözlə, əmək haqqından sosial çıxarışlar hədsiz dərəcədə çoxdur. Bu səbəbdən də işçilərin bir çoxu könüllü şəkildə rəsmi işləməkdə maraqlı deyil. Yəni onlar əmək haqqını qeyri-leqal yolla əldə etməyə üstünlük verir.
“Bu gün əmək haqqından müxtəlif sosial sahələr üzrə çıxarışlar olur, hər bir sahə üzrə çıxarışların işçinin əmək haqqından tutulması düzgün deyil”
Iqtisadçı ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əmək müqaviləsi ilə işləyənlərin sayının azalmasının müxtəlif səbəbləri var: “İlk olaraq bildirim ki, bu sahədə maarifləndirmə zəifdir. Bu gün vətəndaşlar iş naminə işləmək istəyir. O öz gələcəyini deyil, ancaq əldə edəcəyi vəsaiti düşünür. Əmək haqqı normal səviyyədə olarsa, təbii ki, onlar da əmək haqqından çıxarışa razı olarlar. Vətəndaş 300-400 manat əmək haqqı alır, ondan da müxtəlif sahələr üzrə çıxarışlar olanda həmin adama az vəsait qalır. Bu səbəbdən də insanlar rəsmi şəkildə işləməkdən imtina edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün əmək bazarında rəqabət var. Hər adam işə götürülmür. Ona görə də onlar, nəyin bahasına olursa olsun işə qəbul olunmaq, ailəsinə pul aparmaq istəyir: “Bu səbəbdən də qeyd edilən sahə üzrə maarifləndirmə işləri genişləndirilməlidir”.
Eksperin sözlərinə görə, hər bir sahə üzrə çıxarışların işçinin əmək haqqından tutulması düzgün deyil: “Nəzərə almaq lazımdır ki, bu gün yaşayış elə də asan deyil. Vətəndaşların xərcləri günü-gündən artır. Vətəndaşın gəlirindən çox xərci çıxır. Belə olan ərəfədə əmək haqqından müxtəlif sahələr üzrə çıxarışların olması işçilərin əmək müqaviləsi ilə işləməkdən imtina etməsinə səbəb olur”.
Iqtisadçı hesab edir ki, hökumət gələcəkdə maaşlardan tutulan çıxarışların elastikliyi istiqamətində müəyyən işlər görməlidir. Əmək müqaviləsi ilə işləyənlərin sayının 100 faiz olması üçün stimullaşdırıcı addımlar atılmalıdır.
Günel CƏLİLOVA