Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə ölkəmizə İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib.
Qeyd edilir ki, üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir. E.Hüseynov qaçaq yolla idxal edilən bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu qeyd edib.
Maraqlıdır, bu cür məhsulların nə kimi ziyanı var və ölkəyə necə gələ bilir?
“Saxta qab şampunlarının tərkibində yüksək səviyyədə fosfat və xlor var, bu cür maddələr insan səhhətində ölümcül təhlükələrə yol aça bilər”
Qida mütəxəssisi Məhsəti Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kimyəvi-təmizləyici və şəxsi gigiyena vasitələrdən hər evdə istifadə olunur. Qab şampunları, paltaryuyan tozlar, hamam və ayaqyolu üçün sanitariya vasitələrinin çeşidi ildən-ilə artır. Bu vasitələri alarkən əksər insanlar məhsulların tərkibi ilə maraqlanmır, daha çox qiymətin sərfəli olduğuna diqqət edir, bu səbəbdən İrandan gətirilən məlum qabyuyan şampunlardan istifadə olunur: “Nəzərə almaq lazımdır ki, keyfiyyətsiz məhsullarda təbiətdə parçalanmayan və bərpa edilə bilməyən maddələr var. Məsələn, saxta qab şampunlarının tərkibində yüksək səviyyədə fosfat və xlor var. Bu cür maddələr insan səhhətində ölümcül təhlükələrə yol aça bilər”.
Ekspert onu da əlavə etdi ki, bu cür maddələr yalnız insan üçün deyil, digər canlılar üçün də təhlükəlidir. Kanalizasiya yolu ilə dənizlərə axıdılan SLS canlıların məhvinə səbəb olur: “Bu səbəbdən də həmin yuyucu vasitələrin ölkəyə necə daxil olması araşdırılmalıdır. Eyni zamanda, adıçəkilən qab şampunu harda, hansı dükan, obyektdə satılırsa araşdırılmalı və dərhal satışdan yığışdırılmalıdır. Onu da deyim ki, qab yuyan şampunla qablar yuyulur və o qabda yemək bişirilir, yemək yeyilir. Bu isə o deməkdir ki, çoxlu sayda ailənin, insanın həyatı təhlükədədir. Zənnimcə, bu maddə bilərəkdən ölkəmizə qaçaq yolla göndərilib. İran tərəfi bu şəkildə təxribat törətmək istəyir. Yaxşı olar ki, aidiyyəti qurumlar bu kimi məsələlərdə aktiv olsun, İran tərəfdən ölkəmizə idxal olunan hansısa məhsulun keyfiyyəti daha dərindən araşdırılsın”.
Günel CƏLİLOVA