Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edib.
Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydanına gələrək sakinlərlə söhbət edib, buradakı “Novruz” yarmarkası ilə tanış olub, aşıqların ifasını dinləyiblər.
Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olub, Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.
Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb, Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Prezident İlham Əliyev və xanımıdaha sonra Müasir İncəsənət Mərkəzində olub, Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıb, sakinlərlə çay süfrəsi ətrafında söhbət ediblər.
“Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlət başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdirib.
Daha sonra Prezident İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.