Elşən Manafov: “Ona görə də bu kimi məsələdə Rusiya XİN rəsmiləri diqqətli olmalıdırlar”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar məsələsinə də toxunub.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Ermənistanla Azərbaycan arasında aparılan danışıqların formatı yalnız onların hər ikisinin razılığı ilə dəyişdirilə bilər. Rusiya tərəflərin danışıqlar formatını dəyişmək barədə qərar qəbul edəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin fikrinə hörmətlə yanaşacaq: “ATƏT-in Mİnsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya Federasiyası Qarabağ münaqişəsi üzrə danışıqların formatı barədə mövqeyini dəfələrlə ifadə edib. Hesab edirik ki, danışıqların formatı yalnız münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) razılığı əsasında dəyişdirilə bilər. Əgər onlar hansısa mərhələdə Dağlıq Qarabağın da danışıqlarda təmsil edilməsi barədə razılığa gəlsələr, onda bu, məhz tərəflərin qərarı olacaq və biz də onların qərarına hörmət edəcəyik. Bu təkcə bizim yox, Minsk Qrupu həmsədrliyindəki digər dövlətlərin də mövqeyidir. Həmsədrlərin 9 mart bəyanatında Rusiya, ABŞ və Fransanın məsələyə yanaşması kifayət qədər açıq əks olunub”.
Zaxarovanın separatçı qurumun danışıqlarda iştirakına məlum yanaşması, istər-istəməz, separatçıları ruhlandırır. Zatən, onların arzusu da budur. Halbuki, istənilən halda, bu, danışıqların nəinki formatına, həmçinin, ruhuna ziddir. O üzdən, əsla buna yol vermək olmaz. Həmsədr dövlətlər belə hallara hansısa formada eyham belə vurmamalıdırlar. Təəssüf ki, Zaxarovanın məlum yanaşması separatçıların maraqlarına uyğun təəssürat yaradır. Bütün bunların fonunda, Zaxarovanın sözügedən fikirləri Dağlıq Qarabağ separatçılarını ümidləndirmək cəhdi deyilmi?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, belə açıqlamalar separatçıları ruhlandıra bilər: “Çünki separatçıların istəyi danışıqlarda tərəf olmaqdır. Ona görə də bu kimi məsələdə Rusiya XİN rəsmiləri diqqətli olmalıdırlar. Ancaq bununla yanaşı, Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri bu ölkənin xarici siyasətinin prioritet istiqamətlərini müəyyən etmir. Lakin təəssüflər olsun ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra hallarda özünün ermənipərəst mövqeyi ilə seçilir. Onun bu mövqeyi Zaxarovanın da mövqeyinə təsirsiz ötüşmür. Nəticədə o, belə xoşagəlməz açıqlamalar verir. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın xarici siyasətinin prioritetlərini və əsas istiqamətlərini Prezident Vladimir Putin müəyyən edir. O ki, qaldı Rusiyanın məlum münaqişənin həlli ilə bağlı məsələlərə münasibətdə sərgilədiyi ikili mövqeyə, çox təəssüf ki, belə mövqe ATƏT-in Minsk Qrupunda təmsil olunan digər həmsədrlərin mövqeyində də, bir qayda olaraq, özünü qabarıq şəkildə büruzə verib. Təbii ki, indiki halda, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana daha çox təsir imkanına Rusiya malikdir. Bu faktoru da Azərbaycan hakimiyyəti unutmur. Ancaq, hər halda, münaqişənin başladığı dövrdə Yeltsin Rusiyasının sərgilədiyi mövqe indiki kimi deyildi. Yeltsin Ermənistanın maraqlarını qoruyurdu. Bu məsələdə hazırkı Rusiya hakimiyyətinin sərgilədiyi mövqe fərqlənir. Nəzərə almaq lazımdır ki, bölgə ilə bağlı bir sıra geosiyasi layihələrdə Rusiya və Azərbaycan daim bir yerdə olurlar. Ən mühüm amillərdən biri ondan ibarətdir ki, bu gün Azərbaycanla qardaş olan Türkiyənin Rusiya ilə münasibətləri yaxındır. Bütün bunlar nəzərə alınmalıdır. Ona görə də Zaxarova kimi “diplomatların” verdiyi açıqlamalara görə Rusiya ilə münasibətlərə kölgə salmaq olmaz”.
Vidadi ORDAHALLI