İlqar Hüseynli: “Yerlərdəki məmurlar güclü ictimai nəzarətin olduğunun fərqində olacaqlar”
Bir müddət əvvəl rayonlara səfər edərkən ölkə başçısına vətəndaşlar tərəfindən təqdim edilən şikayət məktubları mövzusuna toxunmuşduq. Həmin yazıda qeyd etmişdik ki, Prezidentə bu sayda məktubun axışmasının başlıca günahkarları yerli məmurlardır. Çünki onlar əhalinin yerlərdə olan problemlərini həll etsələr, vətəndaş hər balaca məsələ ilə bağlı Prezidentə şəxsən məktub vermək kimi fikrə düşməz.
Maraqlıdır ki, hakimiyyətə qarşı radikal siyasi mövqe ortaya qoyan dairələr sosial şəbəkələrdə ölkə başçısına təqdim edilən şikayət məktubları ilə bağlı mövzunu tamamilə fərqli və yanlış olan aspektə yönəltmək istəyirlər. Həmin təbliğatda qeyd edilir ki, guya məktubların Prezidentə verilməsi xüsusi təşkil edilib və şikayət adı ilə verilən zərflərin içində, əslində, Prezidentə təşəkkür ifadə edilir. Heç də inandırıcı görünməyən, kökündən yanlış olan bir mövqedir. Çünki həmin mənzərəni seyr edənlər gördülər ki, vətəndaşlar şəxsən yaxınlaşıb Prezidentə məktubu nəsə deyərək verirdilər. Məhz onların şikayət məzmunlu olduğuna elə cənab Prezidentin özü də eyham vurdu və dedi ki, bütün məktublar tam şəkildə araşdırılacaq. Sadə məntiqlə yanaşsaq, təşəkkür məktubunun nəyi araşdırıla bilər ki?
Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Şamaxı və Ağsuda əhali tərəfindən dövlət başçısına təqdim olunan məktublarla da bağlı məlumat verib. Z.Nağdəliyev deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlət başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb: “Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”.
Göründüyü kimi, istər ölkə başçısının, istərsə də onun köməkçisinin açıqlaması həmin məktubların mahiyyət etibarilə şikayət xarakterli olduğunu üzə çıxarmış olur.
Ancaq ictimaiyyətin bu mövzu ilə bağlı tam məlumatlı olması, edilən şikayətlərin daha çox hansı sahələri əhatə etməsini bilmək üçün, həmin məktubları hansısa formada ictimailəşdirmək mümkündürmü?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca maraqlı bir situasiyadır: “Son vaxtlar ölkə başçısının əhalinin müxtəlif təbəqələri ilə birbaşa görüşdüyünün şahidi oluruq. Burada ən başlıca hədəflərdən biri də müəyyən kateqoriya insanların problemləri ilə maraqlanmaqdır. Ölkə başçısının rayonlara etdiyi səfərlər zamanı biz təəssüfedici bir mənzərənin şahidi olduq. Gördük ki, Prezidentə vətəndaşlar tərəfindən qalaq-qalaq məktublar verilir. Bu, eyni zamanda, yerli məmurların vəzifəsinin öhdəsindən layiqli şəkildə gələ bilməməsinin göstəricisidir. Həmin məktubların şikayət xarakterli olmasını təyin etmək çətin deyil. Hətta ölkə başçısına pıçıltı ilə nəyisə deyib məktub verənlər də vardı. Görünürdü ki, nədənsə şikayətçi olduqları üçün, birbaşa Prezidentə üzlərini tutublar. Hesab edirəm ki, məktubların ictimailəşməsi ideyası çox gözəldir. Bununla məşğul olmalı qurum da var. Bu yaxınlarda Prezident Sosial Tədqiqatlar Mərkəzi yaratdı və millət vəkili Zahid Orucu ora rəhbər təyin etdi. Həmin qurumun bilavasitə vəzifə səlahiyyətlərinə aid olan məsələdir. Yaxşı olar ki, yeni yaradılan qurum bütün sosial şəbəkələrdə öz hesablarını yaratsın. Həmin şikayət məktubları Sosial Tədqiqatlar Mərkəzinə istiqamətləndirilsin ki, onlar da öz səhifələrində şikayətləri paylaşsınlar. Onda siz jurnalistlər üçün də yaxşı mövzular çıxacaq, eyni zamanda, yerlərdəki məmurlar güclü ictimai nəzarətin olduğunun fərqində olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ