Rasim İsgəndərli: “Aidiyyəti qurumlar bu məsələni nəzarətdə saxlamalı, Elvinin qaytarılması üçün lazımi səylər göstərilməlidir”
Məlum olduğu kimi, mart ayının 15-dən 16-a keçən gecə Qazax rayon sakini Elvin İbrahimov adlı şəxs Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumtda qeyd olunur ki, sərhədi azaraq keçən şəxs ruhi əsəb xəstəsidir. Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır və onun xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistan tərəfə keçməsi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanması faktını təsdiq edərək, həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Bəlli olduğu kimi, ermənilər əli silahsız, psixi pozuntuları olan şəxsə atəş açıblar. O da məlumdur ki, ermənilər hər zaman əli silahsız və zəif şəxsləri hədəf seçiblər. Ekspertlər ermənilərin silahsız, psixi pozuntuları olan şəxsə atəş açmasını erməni vandalizminin növbəti təzahürü kimi dəyərləndirirlər.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Rasim İsgəndərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müharibə qanunlarına əsasən, qarşı tərəfdən kimsə əli silahsız gələrsə, o şəxsə atəş açılmamalıdır. Lakin ermənilər, hər zaman olduğu kimi, silahsız şəxsə atəş açıblar. Xocalı faciəsi bunun bariz nümunəsidir: “Xocalı faciəsi zamanı ermənilərin necə qəddar olduqları və müharibə qanunlarına riayət etmədikləri bir daha beynəlxalq ictimaiyyətə bəlli oldu. Ermənilər silahlanaraq dinc əhaliyə dəfələrlə atəş açıblar. Onlar dəfələrlə qadına, uşağa, yaşlıya və xəstəyə atəş açıblar. Halbuki, bizim vətəndaşlarımızda silah olmayıb.
Bu günlərdə yolu azaraq Ermənistan sərhədini keçən şəxs ermənilər tərəfindən yaralanıb. Yolu azaraq keçən şəxsin ruhi əsəb xəstəsi olduğu aşkar olunub. Səhhətində problemi olan şəxsə atəş açılaraq yaralanması və onun əsir düşməsi vəziyyətini daha da ağırlaşdıracaq. Aidiyyəti qurumlar bu məsələni nəzarətdə saxlamalı, Elvinin qaytarılması üçün lazımi səylər göstərilməlidir”.
Günel CƏLİLOVA