Qabil Hüseynli: “Ən başlıcası isə, müəyyən maraqlar naminə onların həbsindən istifadə edilməsi qənaəti də ona bu sərt ifadəni səsləndirməyə əsas verə bilər”
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan NİDA hərəkatının fəalı Qiyas İbrahimov "siyasi məhbus"ların bir hissəsinin azad edilməsinin Azərbaycanda siyasi dəyişikliklərin başlanğıcı olduğuna ümid etdiyini bildirib.
Q.İbrahimov KİV-ə bildirib ki, müxalif liderlərdən heç bir şey gözləməyə dəyməz, çünki onlar potensial diktatorlardır. Sərbəst buraxılan fəal onu da vurğulayıb ki, özünü müxalifətin liderlərindən hesab etmir və özündə liderlik potensialı görmür. Həbsdən azad edilən gənc müxalifətçinin müxalifət liderlərini potensial diktator adlandırmasını necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, müxalif mövqeli gənclərin azad olunduqdan sonra müsahibələrini izləyib: “Mən baxdım, bir çoxu çox iddialı danışır. Bu da onların yaş dövrü və müxalifətin onların ətrafında böyük reklam aparmasından irəli gəlir. Elələri var ki, sanki özlərini potensial lider kimi görürlər. Amma Q.İbrahimov müxalifət liderləri barədə səsləndirdiyi ittihamdan sonra deyib ki, özünü də həmin statusda görmür. İlkin olaraq belə anlaşıla bilərdi ki, Qiyas müxalifət liderlərini diktator adlandırmaqla özü həmin statusa iddiasını qoymaq istəyir, amma bunu da inkar edir. Deməli, həbsdə olduğu müddət ərzində gənc gəldiyi nəticədən sonra bu fikri iddia edir. Dəyərləndirməni hansı parametrlər üzrə apardığı barədə də nəsə deyə bilmərəm. Yəni onun əvəzindən şərh vermək çətindir. Amma hesab edirəm ki, həmin gəncin bu qənaətə prosesləri qapalı məkandan müşahidə edərək gəlməsi əsassız yerə deyil. O görür ki, uzun illərdir müxalifətin liderləri dəyişmir. Partiya daxilində onlara qarşı çıxanlarla çox sərt üsullarla davranırlar. Hətta partiyadan belə xaric edirlər. Düzünü desək, heç müxalif partiyaların ətrafında da adam qalmayıb. Yəqin ki, həmin gəncin türmədə xaricdəki siyasi partiyalarla bizimkilər arasında müəyyən paralellər aparmağa vaxtı çox olub. Yəqin görüb ki, hətta müxalifəti təmsil edib müəyyən səhvlərə yol verərək, azadlıqdan məhrum edilən gənclərlə liderlər lazımi şəkildə maraqlanmayıblar. Ən başlıcası isə, müəyyən maraqlar naminə onların həbsindən istifadə edilməsi qənaəti də ona bu sərt ifadəni səsləndirməyə əsas verə bilər. Yəqin ki, həmin gənc yaxın zamanlarda bu barədə daha geniş açıqlama verəcək və orada bunu daha detallı izah edəcək”.
Məhəmmədəli QƏRİBLİ