Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, son əfv fərmanı ilə azadlığa çıxanlar arasında çoxlu sayda tanınmış məhkumlar da var. Adları beynəlxalq təşkilatların siyahısında problemli məhbuslar kimi qeyd olunan həmin şəxslərin böyük əksəriyyətinin ölkə başçısının humanist addımı ilə əfv edilməsini hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən şəxslər də dəstəkləyiblər.
AXCP sədri Əli Kərimli Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına münasibət bildirib. O, özünün “Facebook” səhifəsində bunları yazıb: "Siyasi məhbusların bir qrupunun azadlığa çıxması hamımızı sevindirir. Hər kəsi təbrik edirəm! Müavinlərim Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, NİDA-çı siyasi məhbuslar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəman, siyasi girovlarımız – qaynım Elnur Seyidov və Natiq Ədilovun qardaşı Murad Ədilov, keçmiş səhiyyə naziri Əli İnsanov, müsavatçı Əlikram Xurşudov, keçmiş müstəntiq Rüfət Səfərov, yazar Tofiq Həsənli, bloqçu Rəşad Ramazanov, jurnalist Fikrət Fərəməzoğlu, Müsəlman Birliyi Hərəkatının sәdr müavini Elçin Qasımov, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev, dindar siyasi məhbuslar Lətif Əhmədov, Rasim Cəbrayılov, Nizami Qəniyev, Ruzi İsmayılov, Nicat Əliyev azadlığa çıxacaq. Dostlarımızın bir qisminin bayram ərəfəsi azadlığa çıxması bizi sevindirir. Ancaq təəssüf ki, yenə də əfv sərəncamı yarımçıq oldu, siyasi məhbusların az bir qismini əhatə etdi. Əfv sərəncamı ilə azadlığa çıxan bütün məhbusların ailələrini, yaxınlarını təbrik edirəm. Birgə mübarizəmizlə digər siyasi məhbusların da azad edilməsinə nail olacağıq".
Sabiq deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıb. Müxalifət partiyasının sədri bu barədə “Facebook”dakı şəxsi səhifəsində fikirlərini bölüşüb:
“Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara “həmişə azadlıqda” deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram və bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını arzu və tələb edirəm. Allah qalanlarının da və ümumiyyətlə, bütün bağlı qapıları açsın!”
Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib. Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb: “Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.
Sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə də Prezidentin imzaladığı əfv fərmanını alqışladığını bildirib: “Ümumilikdə siyasi məhbus siyahısında olan 50-yə yaxın şəxs əfv olunub. Səhv etmirəmsə, orada 44, ya 45 nəfər din xadimi, həmçinin Nardaran işinə, Quba, İsmayıllı hadisələrinə görə həbs edilənlər var. O cümlədən siyasi təşkilatların üzvü olanlar var ki, bunlar ayrı-ayrı hüquq müdafiə təşkilatlarının siyahısında siyasi məhbus kimi qeyd olunurdular. Alqışlayıram! Hər halda, 2019-ci il prosesləri yeni bir müstəviyə daşıya bilər”.
Ümid Partiyasının sədri əfv fərmanının dövlətimiz üçün faydalarına da toxunub: “Siyasi məhbusların həbsdən azad olunması gələcəkdə imkan verir ki, siyasi partiyalarla da dialoq yaransın və cəmiyyət barış, dialoq müstəvisində Azərbaycanın problemlərini həll edə bilsin. Zatən Azərbaycana da, Azərbaycanın problemlərinə də, regiondakı yerimizə, vəziyyətimizə də yaraşan barış və dialoqdur. Çünki bizim vəziyyətimiz olduqca çətindir. Həm Cənubi Qafqazda, həm dünyadakı yerimiz olduqca çətindir, böyük problemlərimiz var. Ya zəlzələdən, ya vəlvələdən Ermənistan-Azərbaycan münaqişəsi gəlib elə bir yerə dirənib ki, burdan yalnız dil, düşüncə, fikir, vətəndaş birliyi ilə çıxmaq mümkündür. Bununçünsə ilk növbədə hakimiyyət elə adddımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin. Güman edirəm ki, bu da o addımlardan biridir”.
Vətəndaş İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin fiktincə, bu, özlüyündə müsbət addımdır. Onun sözlərinə görə, hakimiyyətin əfv fərmanını imzalaması natamam da olsa müsbət məqam kimi qiymətləndirilməlidir: “Bizim mövqeyimiz maksimalistdir. Hesab edirik ki, Avropa məkanında yerləşən ölkəyiksə, burada siyasi məhbus olmamalıdır. İstərdim ki, bu fərman hamısını əhatə etsin. Bu gün çıxan şəxslər də hakimiyyt üçün problemli şəxslər idi. Gözəl Bayramlı, Əli İnsanov, Qiyas və Bayram, Rüfət Səfərov, Fuad Qəhrəmanlı bu kateqoriyadadır. Onların azadlığa çıxması müsbət hadisə kimi qiymətləndirilməlidir”.
Ə.Əliyev hesab edir ki, bu, hakimiyyətin xoş məramı nümayişi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, cəmiyyətə müsbət, pozitiv mövqeyin ötürülməsi baş verib: “Amma istərdik ki, bu addımlar, qərarlar daha dərin, fundamental məsələləri də əhatə etsin. Siyasi və ölkənin təməl məsələlərini də əhatə etsin. Bir var törəmə, zahiri, vacib işlər, bir də var fundamental işlər. Vacib işlərin bir qismi görülüb artıq. Fundamental işlərin görülməsi üçün sistemli addımlar atılmalıdır”.
Xaricdən yayımlanan Meydan TV-nin rəhbəri, bloger Emin Milli Prezident İlham Əliyevə əfv sərəncamına görə təşəkkür edib. O, özünün Facebook səhifəsində bunları yazıb:
“İlham Əliyevə bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.
Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı müsahibə alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.
İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.
Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək”.
Qeyd edək ki, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 431 nəfərə şamil olunub. Onların arasında sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavini Gözəl Bayramlı, Şəmsiyyə Bayramlı, Fuad Qəhrəmanlı, Beytulla Hüseynov, NİDA-çılar - İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, jurnalist Fikrət Fərəməzoğlu və başqaları da var.
Məhəmmədəli QƏRİBLİ