Prezident İlham Əliyev 2017-ci ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin “OPEK+” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu format OPEK-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını, enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə ölkə başçısı neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü.
O üzdən, hazırda Bakıda “OPEK+” formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin xidmətiləri böyükdür. Məsələ ondadır ki, Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Bunun nəticəsidir ki, bu istiqamətdə sabitlik hökm sürür. Dünya bazarında neftin qiymətində ciddi təbəddülatlar yaşanmır. OPEK üzvü olan və olmayan dövlətlər səmərəli şəkildə əməkdaşlıq edirlər. O baxımdan “OPEK+” formatı çox səmərəli əməkdaşlığı özündə ehtiva edir.
Onu da qeyd edək ki, martın 17-18-də Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Müştərək Texniki Komissiyasının 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək. OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib ki, OPEK və partnyorları bazarda neft həcminin artımının saxlanılması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün məhz Azərbaycanda görüşəcək. Gözlənir ki, OPEK-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barrel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “OPEK+” formatı dünya neft bazarında çox faydalı rol oynayır: “Əvvəla, sözügedən təşəbbüsü Prezident İlham Əliyev qaldırmaqla uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. Məsələ ondadır ki, 2014-cü ilin ortalarından başlayaraq dünyada neftin qiyməti ucuzlaşmağa başladı. Bu da dünya iqtisadiyyatına mənfi təsir göstərdi. Çünki neftin ucuzlaşması təkcə neft ixrac edən ölkələrin gəlirlərini azaltmadı. Bu həm də qeyri-neft ölkələrinə mənfi təsir etdi. Çünki yaşanan ucuzlaşma ilə əlaqədar həmin ölkələrin istehsal etdiyi məhsulların ixracında azalma yaşandı. Bu da neft ixrac edən ölkələrin gəlirlərinin azalması ilə əlaqədar idi. Nəzərə almaq lazımdır ki, neft gəlirləri azalırsa, bu qeyri-neft məhsullarının ixracına öz təsirini göstərir. Qeyri-neft məhsulları istehsal edən ölkələr onu neft hasil edən ölkələrə ixrac edirlər. Bütün bunlar bir-biri ilə sıx bağlı olduğu üçün dünya iqtisadiyyatına öz təsirini göstərir. Ona görə də yaradılan “OPEK+” formatı dünyada neftin qiymətinin sabitləşməsinə müsbət təsir göstərdi. Bu da öz növbəsində dünya iqtisadiyyatını böhrandan xilas etdi. O baxımdan hesab edirəm ki, OPEK üzvü olan və olmayan ölkələrin əməkdaşlığı səmərəli nəticələr verir”.
Vidadi ORDAHALLI