Faiq Ələkbərli: “Düşünürəm ki, Qlobal Bakı Forumunun emblemində qlobal təhlükəsizliyin təmin olunmasında sülh, multikulturalizm və tolerantlıq kimi ali dəyərlərin rolu ifadə olunub” Rauf Əbdülhüseynoğlu: “Forumun emblemində ifadə olunan təsvir bütün bəşəriyyəti sülhə, təhlükəsizliyə, birgəyaşayışa səsləyir”
Bəşəriyyətin sülh və təhlükəsizlik şəraitində yaşaması, inkişafı ali bəşəri dəyərlərə sadiq olan hər bir insanı ciddi düşündürməlidir. Dünyada tam olaraq sülhün təmin edilməsi isə hələlik mümkün deyil. Lakin bir sıra beynəlxalq qurumlar, mədəni-humanitar təşkilatlar, sülhpərvər dövlətlər bu istiqamətdə çeşidli təbliğat siyasəti həyata keçirir.
Məqsəd bəşəriyyəti qandan-qadadan xilas etmək, millətlər, mədəniyyətlər və dinlər arasında qarşılıqlı dialoqa nail olmaqdır. Artıq 7-ci dəfədir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ölkəmizdə keçirdiyi Qlobal Bakı Forumunun da məqsədi çoxqütblü dünyada münaqişələrin qarşısının alınmasına nail olmaqdır.
Hər bir qurumun, təşkilatın emblemi və loqosu onun məqsəd və məramını, ideoloji xəttini, missiyasını ifadə edir. Bu baxımdan, Qlobal Bakı Forumunun da emblemi diqqət çəkməkdədir. Doğrudur, Qlobal Bakı Forumu ilə bağlı yayılan məlumatlarda emblemin mənaları tam açıqlanmasa da, tarixçilər onu şərh edərkən bildirir ki, Forumun məqsədi çoxqütblü dünyada dinlərarası, mədəniyyətlərarası dialoqa, eləcə də sülhə nail olmaqdır.
Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi alim Faiq Ələkbərli bildirdi ki, Qlobal Bakı Forumunun emblemi siyasi simvol və rəmzləri öyrənən alimlər tərəfindən hərtərəfli şəkildə öyrənilməlidir. O, hesab edir ki, ümumiyyətlə, bütün simvol, emblem və sloqanların mənası olduğu kimi Qlobal Bakı Forumunun da embleminin öz mənası var. “Sözün düzü, heç bir mənbədə Qlobal Bakı Forumunun embleminin mənaları açıqlanmayıb. Fikrimcə, həm bu forumun, həm də digər beynəlxalq əhəmiyyətli forumların emblemləri, loqosu siyasi simvolları öyrənən alimlər tərəfindən araşdırılmalıdır. Bizdə siyasi simvolları öyrənən tədqiqatçılar deyəsən heç yoxdur. Bir tarixçi kimi Qlobal Bakı Forumunun emblemini şərh edə bilərəm. Forumun əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması, sülh və təhlükəsizliyə nail olmağın yollarını dünyaya göstərməkdir. Bu mənada düşünürəm ki, Qlobal Bakı Forumunun emblemində qlobal təhlükəsizliyin təmin olunmasında sülh, multikulturalizm və tolerantlıq kimi ali dəyərlərin rolu ifadə olunub. Azərbaycanın indiyə qədər evsahibliyi etdiyi bütün beynəlxalq tədbirlərin, forumların da məqsədi dünyaya ölkəmizdə ənənəvi olaraq mövcud olan multikulturalizmi, tolerantlığı, birgəyaşayış nümunəsi örnəyini təqdim etmək və bunların hər bir ölkədə bərqərar olmasına nail olmaqdır. Bilirsiz ki, bu gün dünyanın ən ağrılı problemlərindən biri qlobal təhlükəsizliyin təmin olunmasıdır”.
Azərbaycanın əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu xatırladan F.Ələkbərlinin sözlərinə görə, Azərbaycanda yaşayan bütün xalqların, dinlərin, mədəniyyətlərin azadlıqları təmin edilir.
Tanınmış rəssam Rauf Əbdülhüseynoğlu hesab edir ki, Qlobal Bakı Forumunun emblemində bəşəriyyəti sülhə, təhlükəsizliyə çağırış ifadə olunub. “Bu gün dünyanı narahat edən əsas problem mədəniyyətlərarası dialoq mühitinin tam formalaşmamasıdır. Bütün bəşəriyyət mədəniyyətlərarası və dinlərarası dialoqa nail olmaq üçün çalışmalıdır. Çoxmədəniyyətli ölkəyə, multikulturalizm və tolerantlığın əsas mərkəzinə çevrilən Azərbaycan bu istiqamətdə bütün dünyaya öz platformasını bəyan edir. Multikulturalizmin və tolerantlığın Azərbaycan nümunəsi bütün dünya üçün praktik bir örnəkdir. Qlobal Bakı Forumunun embleminə gəlincə, forumun emblemində ifadə olunan təsvir bütün bəşəriyyəti sülhə, təhlükəsizliyə, birgəyaşayışa səsləməkdir. Mən belə başa düşürəm. Çünki Qlobal Forumda əsas səsləndirilən tezislər bu məsələlərlə bağlıdır” - deyə rəssam bildirdi.
İradə SARIYEVA