Qabil Hüseynli: “Qarşıda İrəvanı ciddi sınaq gözləyir”
ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında həmin ölkə açıq-aşkar separatçılığı dəstəkləməkdə və işğalçılıqda ittiham olunur. Hesabatdakı vacib bir məqama diqqət edək. Bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.
Bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur. Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi Irəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, İrəvan “öz öhdəliklərini yerinə yetirir”.
ABŞ Dövlət Departamentinin bu mövqeyini və Ermənistanın məsuliyyətdən yayınma cəhdlərini necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli baki-xeber.com-a bildirdi ki, ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı hesabatındakı həmin məqam çox ciddidir: “Ermənistan rəsmi dairələri anlayırlar ki, hər tərəfdən dalana dirənirlər. Ona görə də bütün faktları təhrif etməyə, sanki deyilənlərin heç birinin onlara aid olmadığına dair rəy formalaşdırmağa çalışırlar. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatındakı Ermənistana ünvanlanan iradlarla bağlı da onlar guya məsuliyyətdən yayınmaq yolunu tutdular. Ancaq bunlar fayda verən deyil. Avropa İttifaqının qəbul etdiyi son sənəddə də Azərbaycanın ərazi bütövlüyü açıq-aşkar dəstəklənir. Demək olar ki, dünyanın bütün nüfuzlu qurumları və ölkələri artıq bu məsələdə konkret mövqe ortaya qoyurlar. Həmin konkretlik də ondan ibarətdir ki, Ermənistan öz adı ilə çağrılır. Yəni işğalçı və separatçılığı dəstəkləyən kimi. Bu baxımdan da ABŞ-ın rəsmi mövqeyində də belə məqamların olması sevindiricidir. Paşinyan vaxt qazanmağa çalışır, prosesləri uzatmaq istəyir. Eyni zamanda ölkədə iqtisadi dəyişikliklər həyata keçirməyi hədəfləyir. Ermənistan rəhbəri Dağlıq Qarabağ məsələsində güzəştə hazır deyil. Hər bir addımda danışıqların formatını dəyişməyə səy göstərir. Yeni formata qondarma Dağlıq Qarabağ məsələsini daxil etmək istəyir. Gələcəkdə də ehtimal olunan görüşlərdə nəticə olacağına inanmıram. Paşinyan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməklə guya həm Azərbaycana qarşı müvafiq tədbirlər görməyi düşünürdü. Həm də Qarabağ ermənilərini bununla guya ürəkləndirməyə çalışırlar. Amma bu alınan məsələ deyil. Əsas məqam odur ki, İrəvan artıq vəziyyətin ciddiliyini başa düşüb. Ona görə də vəziyyətin ciddi olduğunu Qarabağ ermənilərinə də hiss etdirmək istəyirlər. Qarşıda İrəvanı ciddi sınaq gözləyir”.
Məhəmmədəli QƏRİBLİ