Mübariz Əhmədoğlu: “... beynəlxalq müstəvidə bu ölkənin əleyhinə işləyəcək”
Sözdə danışıqlar tərəfdarı olduğunu bəyan edən Ermənistan reallıqda işğalçılıq siyasətini davam etdirir. Bununla bağlı müxtəlif təxribatçı vasitələrə əl atır. Elə işğal zonasında qanunsuz məskunlaşma işlərinin aparılması faktları da düşmənin dinc yolla ərazilərimizdən əl çəkmək niyyətində olmadığını göstərir.
Həyasızlığın dərəcəsinə bax ki, Ermənistan rəsmiləri açıq şəkildə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətinə rəvac verirlər. Bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağa, həmçinin, işğal altındakı Füzuli rayonuna qanunsuz səfər edib. O, Xankəndidəki terrorçu rejimin rəhbərliyi ilə Araz çayı sahillərində erməni yaşayış məntəqələrinin yaradılması və bura ermənilərin köçürülməsi məsələlərini müzakirə edib. Ermənistan rəsmisi onu da demişdi ki, Füzuli rayonunda ermənilər “Araksavan” adlı qəsəbə salmaq, burada infrastruktur yaratmaq və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədirlər. Onun iddiasına görə, ermənilərin bu ərazilərdə yerləşdirilməsi Dağlıq Qarabağ ermənilərinin əsas təhlükəsizlik təminatlarından biridir.
Bundan başqa, Ermənistanın Milli Təhlükəsizlik Şurasının iclası ilk dəfə olaraq Xankəndidə, Azərbaycan torpaqlarında keçirilir. İndiyə qədər belə hal baş verməmişdi. Bu açıq-aşkar təxribatdır. Bir dövlət digər dövlətin ərazisində qanunsuz olaraq rəsmi tədbir keçirir. Başqa dövlətin Təhlükəsizlik Şurasının ölkəmizdə iclasının keçirilməsi beynəlxalq hüququn kobud pozulmasıdır. Ancaq təəssüflər olsun ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk Qrupu bütün bunlara heç bir etiraz etmədi. Halbuki, bu təxribata görə həmsədrlər Ermənistandan izahat tələb etməli idilər. Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, təxribatlar törətməkdə davam edir. Ancaq bütün bunlara görə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən hələ də konkret və kəskin reaksiya yoxdur. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Vanesyanın təxribatçı açıqlamasına reaksiya oldu, amma bu elə də kəsərli təsir bağışlamadı: “A.Vanesyan Arazboyu ərazilərə səfəri zamanı bir sıra təxribatçı açıqlamalar verdi. O cümlədən qeyd etdi ki, Qarabağın bir qarışını da Azərbaycana verməyəcəklər. ATƏT-in Minsk Qrupunun sonuncu bəyanatında qeyd olunub ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. A.Vanesyan da hara gəlmişdi? Füzuli rayonuna. Hansı ki, bu rayon Dağlıq Qarabağa aid deyil. ATƏT-in bəyanatı o deməkdir ki, həmin ərazilər Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, bu, sözügedən məsələyə verilən reaksiyadır. Bütün hallarda, Ermənistan rəsmi şəxsinin başqa ölkənin ərazisinə belə qanunsuz səfər etməsi və məskunlaşma ilə bağlı açıqlamalar verməsi təxribatdır. Belə hallara qarşı daha sərt və konkret reaksiya verilməlidir. İndi də Ermənistan Dağlıq Qarabağda Milli Təhlükəsizlik Şurasının iclasını keçirir. Bu da təxribatdır və buna beynəlxalq qurumlar reaksiya verməlidirlər. Digər tərəfdən, bu, Ermənistanın tarix boyu etdiyi ciddi səhvlərdən biridir. Bu onu göstərir ki, Paşinyan hökuməti siyasət, beynəlxalq hüquq nədir bilmir. Onun ümumiyyətlə siyasətdə səviyyəsi, savadı, səriştəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistanla bağlı bir neçə iş var. Həmin işlərin hamısı onun üzərindədir ki, Dağlıq Qarabağdakı ermənilər özlərini idarə edir, yoxsa Ermənistan tərəfindən idarə olunurlar? Azərbaycanın bununla bağlı qaldırdığı iddiaların hamısında aydın xətlə göstərilib ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən idarə olunur. Ermənistan isə həmişə çalışıb sübut etsin ki, separatçı qurum özü-özünü idarə edir. Ermənistanın MTŞ-nin iclasını Qarabağda keçirməsi beynəlxalq müstəvidə bu ölkənin əleyhinə işləyəcək. Çünki bu bir daha sübut edir ki, separatçı qurumu Ermənistan idarə edir”.
Vidadi ORDAHALLI