Rauf Zeyni: “İstənilən halda, bu yeni yanaşma həm idarəetmənin təkmilləşməsi, həm də məmur məsuliyyətinin artırılması baxımından zəruridir”
Son iki gündür ölkə başçısının xalq artisti Rasim Balayevə birbaşa zəng etməsi ciddi müzakirə edilir. Bununla bağlı ilk açıqlamanı Rasim Balayevin özü verdi.
O bildirib ki, ölkə başçısı ilə telefonla danışıb: “Cənab Prezident mənimlə telefonda danışdı. Bildirdi ki, bu, siyahını hazırlayanların günahıdır, onun mənə münasibəti deyil. Mən də təşəkkürümü bildirdim.
Cənab Prezident, həmçinin, bu il kino sahəsinə 5 milyon ayrıldığını qeyd edib. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür”.
Xatırladaq ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Onu da əlavə edək ki, M.Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi.
Ölkə başçısının bu addımı onu göstərir ki, artıq xırda məsələlərə belə şəxsən nəzarət edir. Lazım olan məsələ ilə bağlı informasiyanı sosial şəbəkələrdən və mediadan alır və heç bir vasitəçi olmadan zəng vurub problemlə şəxsən maraqlanır. Əslində, bu, Prezidentin gündəmdə olan məsələləri yaxından izlədiyini və informasiyanı ilkin mənbələrdən birbaşa aldığını göstərir. Prezidentin bu addımı nəyin göstəricisi sayıla bilər və bu yenilik məmurların məsuliyyətinin artmasına necə təsir edəcək?
Milli QHT Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, ölkə başçısı bununla çox ciddi bir nümunənin əsasını qoydu: “Bilirsiniz ki, ölkədəki bütün problemlər Prezidentin diqqət mərkəzində olur. Ancaq ölkə başçısı kimi onun zəngin qrafikini nəzərə alsaq, onda bütün detallarla şəxsən maraqlanmaq imkanının məhdudluğunu da anlayırıq. Həm də nəzərə almalıyıq ki, cənab Prezident müharibə şəraitində olan ölkənin başçısıdır. Onun enerjisinin böyük hissəsi həmin konfliktin aradan qaldırılmasına gedir. Qarabağ münaqişəsi olmasaydı, Prezident ölkədaxili məsələlərə bundan da çox zaman ayıra bilərdi. Bütün bunlara rəğmən, o, şəxsən bir ziyalıya zəng edir. Onun incikliyinin səbəbi ilə maraqlanır. Hətta orada olsaydı, nə istəyərdi kimi sualla da müraciət edir. Ölkə başçısı məmurlara göstərir ki, heç vaxt ziyalı ilə təmasdan qaçmayın, onları dinləməyi bacarın. Bu addım həm də məmurları işlərinə daha məsuliyyətli olmağa vadar edəcək. Çünki bilirlər ki, artıq ölkə başçısı alternativ mənbələrdən də şəxsən informasiya alır. Yeri gələndə zəng vurub məsələni özü dəqiqləşdirir. İstənilən halda, bu yeni yanaşma həm idarəetmənin təkmilləşməsi, həm də məmur məsuliyyətinin artırılması baxımından zəruridir. İnanıram ki, bundan doğan müsbət nəticələr dövlətimizin inkişafına təkan verəcək”.
Məhəmmədəli QƏRİBLİ