Elşən Manafov: “Təmas xəttində hərbi əməliyyatlar yenidən başlasa, bunun məsuliyyəti Ermənistanın üzərinə düşəcək”
“Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistan danışıqlar prosesini pozmağa çalışır”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan ölkə başçısı bu münaqişənin uzun illərdir davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlandığını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır bu tələblər yerinə yetirilmir. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlət başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib.
Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib.
Görünən odur ki, Prezident İlham Əliyev beynəlxalq qurumlar qarşısında münaqişənin həll edilməsini kəskin formada qaldırır. Ölkə başçısının bu cür yanaşmasının münaqişənin həllinə nə kimi təsiri olacaq?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Prezidentin ATƏT sədri ilə görüşdə məsələni kəskin formada qaldırması müsbət haldır: “Prezident İlham Əliyevin ATƏT sədri ilə bu dəfə keçirdiyi görüş zamanı indiyə qədər verdiyi açıqlamalardan fərqli bir açıqlama verməsi göstərir ki, rəsmi Bakı danışıqların gedişində mahiyyət etibarilə yeni bir mərhələnin başlamasının tərəfdarıdır. Ölkə başçısı bu açıqlaması ilə bəyan etdi ki, Ermənistan danışıqları sadəcə danışıqlar naminə aparmaq niyyətindədir. Azərbaycan isə belə danışıqlarda maraqlı deyil. Artıq Azərbaycanda ictimai rəy, xalq problemin həlli istiqamətində daha real addımların atılmasını istəyir. Bu açıqlama həm də o kontekstdən xüsusi maraq doğurdu ki, Paşinyan danışıqların format məsələsini ortaya atır. Görünür, Paşinyan formatla bağlı məsələləri gündəmə gətirməklə yenə də Dağlıq Qarabağın erməni icmasını danışıqlar masasına gətirmək istəyir. Paşinyanın belə yanaşması isə, sadəcə olaraq, danışıqlardan boyun qaçırmaq niyyəti güdür. Həmçinin, növbəti dəfə beynəlxalq ictimai rəyi azdırmaq, ATƏT-in Minsk Qrupunda yanlış mövqelərin yaranmasına nail olmaq üçün göstərilən cəhddir. Prezident İlham Əliyevin ATƏT sədri ilə görüşdə verdiyi açıqlama göstərdi ki, Azərbaycan artıq ATƏT-in özünə ciddi mesajlar verir. Çünki ATƏT-in Minsk Qrupuna mandat ondan ötrü verilib ki, vasitəçi qismində çıxış edərək ortaq model təklif etsin. Yəni elə bir model təklif etsin ki, tərəflər bu model ətrafında razılığa gəlsinlər və real addımlar atsınlar. Ancaq hələ ki, belə bir model yoxdur. Fikrimcə, Azərbaycan dövlət başçısının məlum açıqlamasından sonra təmas xəttində hərbi əməliyyatlar yenidən başlasa, bunun məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Çünki BMT-nin qüvvədə olan 51-ci maddəsi Azərbaycana münaqişəni hərb yolu ilə həll etməyə əsas verir. ATƏT Azərbaycanın hüququnu tanımırsa, o zaman Azərbaycan beynəlxalq hüququn ona verdiyi bu imkanlardan istifadə etmək məcburiyyətində qala bilər”.
Vidadi ORDAHALLI