Ramil Hüseynov: “Fəxrəddin Abbasov kimdir ki, talışların lideri olsun?” Mehdibəy Səfərov: “Mənim üçün Azərbaycan dövlətinin qanunları, Konstitusiyası müqəddəsdir”
Bu günlərdə hava limanında həbs edilən Fəxrəddin Abbasovla bağlı anti-Azərbaycan mövqeli bir sıra xarici mətbu orqanlarda məlumatlar dərc olunur. Xüsusən də Ermənistan saytları və bəzi Rusiya saytları onunla bağlı məlumatlara daha çox yer verirlər.
Diqqətçəkən məqam ondan ibarətdir ki, erməni və rus saytlarında Fəxrəddin Abbasov “ziyalı” və "talış xalqının lideri" kimi təqdim olunur. Onunla bağlı istənilən yazıda bu faktoru qabartmağa çalışırlar. Söhbət o insandan gedir ki, Azərbaycanın parçalanması üçün daim çağırışlar edib, hətta bununla bağlı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi istintaq araşdırmasındadır.
Adını və soyadını dəyişdirərək Faxroddin Abboszade etsə də, Azərbaycan xalqı onu yaxşı tanıyır. Azərbaycana düşmən kəsilən bu şəxs bütün fəaliyyətini ölkəni parçalamağa həsr edib. F.Abbasovu Azərbaycan ictimaiyyəti həm də erməni mətbuatının ulduzuna çevrilməsi ilə tanıyır. Azərbaycan əleyhinə çağırışları, separatçı bəyanatları ilə ermənilərlə eyni mövqedə olan bu şəxsin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri istintaqın əsas araşdırma predmetlərindəndir. Ancaq xaricdəki bəzi anti-Azərbaycan dairələri onu "talış xalqının lideri" kimi ictimai rəyə sırımaq istəyirlər. Həmçinin, F.Abbasovun həbsini bəhanə kimi istifadə edərək, ölkəmizə təziq göstərmək istəyirlər. Bundan ən çox narahat olanlar isə talış xalqının nümayəndələri olan vətəndaşlarımızdır. Çünki F.Abbasovun barəsində açılan cinayət işinin maddələrinə də nəzər saldıqda, onun əslində kim olduğu aydın olur.
Məsələ ilə əlaqədar talış əsilli tanınımış şəxslərin fikirlərini öyrənməyə çalışdıq. Yəni onların F.Abbasovun “talış xalqının lideri” kimi təqdim edilməsinə münasibəti necədir?
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bundan söhbət belə gedə bilməz: “F.Abbasov kimdir ki, talışların lideri olsun? O, düşmənə xidmət, Vətənə xəyanət edən satqındır. Ona görə də qətiyyən bundan söhbət gedə bilməz. Bizim dövlətimiz Azərbaycan Respublikasıdır. Bütün xalqlar burada üçrəngli bayraq altında çox mehribancasına yaşayırlar. İnsanları etnik mənsubiyyətinə görə bölmək, parçalamaq olmaz. Hamı qaynayıb qarışıb, qız alıb, qız verib. Çoxsaylı nikah qurulub. Belə yanaşmalar dövlətçilik üçün zərərlidir. F.Abbasovu nəinki talış xalqının, heç ümumiyyətlə lider hesab etmək olmaz. Ermənistanla əlaqəli olan insanlar, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan şəhidlərinə hörmətsizlik edən insanlardır. F.Abbasov isə bunların başında gəlir. Qarabağ döyüşlərində minlərlə talış kökənli ölkə vətəndaşı şəhid olub. Ancaq F.Abbasov kimilər erməni xüsusi xidmət orqanları ilə əlaqəyə girərək bu dövlətə xəyanət ediblər. Erməni saytlarının onu “lider” kimi təqdim etməsi də təəccüblü deyil. Ona görə ki, onların məqsədi Azərbaycanı parçalamaqdır. O üzdən, bununla bağlı müxtəlif dezinformasiyalar yayırlar. Ancaq düşmən tərəfi öz çirkin niyyətlərinə nail ola bilməyəcək”.
Məsələyə münasibət bildirən “Azəri-Talış” İctimai Birliyinin sədri Mehdibəy Səfərovun fikrincə, erməni saytlarının belə məlumatlar yaymaqda öz məqsədləri var: “Əvvəla mən erməni saytlarını izləmirəm. Heç rus saytlarını da izləmirəm. Çünki həmin saytların öz məqsədləri var. Bunlar korporativ və digər məqsədlərdir. Mənim məqsədim isə Azərbaycanda ləyaqətli vətəndaş cəmiyyəti qurmaqdır. Burada millətindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar özlərini ləyaqətli vətəndaş saysınlar. Fəxrəddinin nə etməsindən mən cavabdeh deyiləm. Mənim üçün Azərbaycan dövlətinin qanunları, Konstitusiyası müqəddəsdir. Mən ölkə vətəndaşı olaraq Konstitusiyaya əsaslanb hərəkət edirəm. Mənim Fəxrəddinlə heç bir müstəvidə əlaqələrim olmayıb. Biz Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı istənilən addımı pisləyirik”.
Vidadi ORDAHALLI