Azərbaycan və ATƏT müxtəlif məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. “Trend”in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşü ilə bağlı mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər kəs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir: “Biz daim münaqişənin həll yollarının tapılması üçün müzakirələr aparırıq”.
E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə Ermənistanın baş naziri ilə görüşü olub. Nazirlər səviyyəsində də dörd görüş baş tutub.
Nazir vurğulayıb ki, ATƏT Minsk Qrupunun həmsədrləri münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasını qəbuledilməz hesab edir.
Nazirin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün hər zaman addımlar atır, amma Ermənistan tərəfi elə bəyanatlarla çıxışı edir ki, münaqişənin sülh yolu ilə həllinə heç bir inam qalmır.
Nazir bildirib ki, M.Layçak da münaqişənin sülh yolu ilə nizamlanması məsələsində kifayət qədər nikbindir:
“Mən cənab Layçakdan xahiş etdim ki, bu məsələləri Yerevana səfəri zamanı qaldırsın. Biz bilməliyik ki, insanları sülhə, yoxsa münaqişənin digər yolla həllinə hazırlayaq”.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün gücünü səfərbər etməlidir. Bunu isə Slovakiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bakıda keçirilən mətbuat konfransında deyib.
M.Layçak bildirib: "Bizim fəaliyyətimizin əsas istiqaməti - insanlar, sabitlik, dialoqdur və biz bütün gücümüzü bu istiqamətdə səfərbər edəcəyik".
ATƏT sədri qeyd edib ki, Bakıda keçirdiyi görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub: “Gələn həftə İrəvana səfərim zamanı bu müzakirələri davam etdirəcəyik və münaqişənin nizamlanması yollarını axtarmağa davam edəcəyik”.
M.Layçak vurğulayıb ki, Slovakiyanın Bakıda səfirliyinin açılması planlaşdırılır, bu da iki ölkə arasında münasibətlərin genişləndirilməsinə kömək edəcək.