Verdiyi açıqlamalar, etdiyi gedişlərlə Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdə kifayət qədər naşı olduğunu hər keçən gün daha çox təsdiq edir. Bu hal onun Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında da özünü qabarıq şəkildə büruzə verir. Məsələnin həllində hələ də konkret mövqe nümayiş etdirməkdə çətinlik çəkən Paşinyan bir-birini təkzib edən bəyanatları ilə təkcə Azərbaycanı və vasitəçi dövlətləri yox, elə erməni cəmiyyətinin özünü də təəccübləndirməyə davam edir.
Paşinyanın naşı və sərsəm xarakterli açıqlması növbəti dəfə Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı səslənib. Burada o, məsələnin sülh yolu ilə həllində maraqlı olduqlarını desə də, səsləndirdiyi fikirlərlə, əslində sülhə hansısa şans qoymadığını da nümayiş etdirib: “Qarabağa gəlincə, onu qeyd etmək vacibdir ki, konfliktin hərbi həlli ola bilməz. Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbuledilən olmalıdır. Bu bəyanatdan sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözləyirdim. Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”. Bu cür destruktiv bəyanatlardan sonra Paşinyan əlavə edib ki, rəqibləri tərəfindən Ermənistanın silahlanma yarışına qoşulmağa məcbur edilməsi region üçün əlavə problemlər yaradır. Onun sözlərinə görə, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi və bölgədə gərginliyin davam etməsi Ermənistanın investisiya cəlbediciliyini azaldır.
Məhz bu açıqlamaları ilə Paşinyan yenə sərsəm və qəbul edilməsi mümkün olmayan bir mövqe sərgiləyib. İlk növbədə o baxımdan ki, o, Azərbaycanın ərazi bütövlüyünü qətiyyən güzəştə getməyəcəyini bilir, eyni zamanda, Qarabağ separatçılarını Bakının tərəf kimi görmədəiyini də yaxşı anlayır. Məhz bu fonda Paşinyanın verdiyi açıqlamalar yenə reallıqdan uzaq olub, ölkə rəhbəri kimi onun reallıqlarla hələ də hesablaşa bilmədiyi siyasətçi obrazını ortaya qoyur.
Qeyd edək ki, artıq Bakı Paşinyanın bu sərsəmləmələrinə öz münasibətini bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu xüsusda bildirir: “Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistan baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatını itirməli olur? Ermənistan baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir”.
Mətbuat katibi bildirib ki, bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir. L.Abdullayevanın sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq: “Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi, ən azından, özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim".
Paşinyanın, Qarabağ məsələsi də daxil olmaqla, xarici və daxili siyasətdə ziddiyyətli mövqelər sərgiləməsini eks-prezident Robert Köçəryan da etiraf edir. Köçəryan vurğulayır ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan uzaq qaçması olduqca şübhəlidir. Onun sözlərinə görə, Paşinyanın hansı bəhanələrlə maskalanmasına baxmayaraq, danışıqlar gedir: “Amma şübhə doğuran danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Ermənistan cəmiyyəti hakimiyyətin Qarabağ nizamlanması ilə bağlı mövqeyindən xəbərsizdir, çünki bu mövqe indiyədək hələ də səslənməyib və narahatlıq doğuran da məhz budur. Mövqe formalaşdırmadan necə uğurlu danışıqlar aparmaq olar axı? Baş nazirin ziddiyətli bəyanatlarına qətiyyən inanmaq olmaz”. Bu mənada, Köçəryan bildirib ki, Ermənistan və Azərbaycan liderləri arasında indiyədək baş tutan qeyri-rəsmi görüşlərdə Əliyev Paşinyanı asanlıqla məğlub edib: “Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün sərfəli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Axı bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonrakı “zəmanətimiz” idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən edilmiş seçim olmasının önəmi yoxdur. Hər iki halda bu, böyük səhvdir. Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də, düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk Qrupunun növbəti təklifləri Ermənistan üçün yaxşı olmayacaq”.
Erməni siyasi şərhçi Aram Amatuni də vurğulayır ki, Paşinyan belə mövqe nümayiş etdirməklə danışıqlar yolunu bağlayır və müharibə qapısını açır. Özü də Ermənistana qətiyyən sərf etmədiyi bir vaxtda: “O zaman sual yaranır, 25 il ərzində Ermənistan “Madrid prinsipləri” üzrə danışıqlara gedirdi, lakin “aprel müharibəsi” niyə baş verdi? Burada velosipedi yenidən ixtira etməyə, yaxud qaranlıq otaqda qara pişiyi axtarmağa ehtiyac yoxdur. “Aprel müharibəsi” danışıqların məntiqi üzrə baş verdi. Bundan sonra nələr olacaq? Bu sualın cavabı Ermənistanın dövlət kimi inkişafından asılıdır. Çünki rəqiblə rəqabət danışıqlar masasında yox, inkişafdadır. Bir dövlətin inkişafının 4 sütunu var: ordu, iqtisadiyyat, ictimai-siyasi sistem və mədəni sima. Rəqabət, yaxud rəqiblə mübarizə dövlət keyfiyyətlərinin effektivliyindən asılıdır. Rəqib bu 4 sütunda bizdən yüksəkdədir. Ermənistan nə edəcək, bu istiqamətdə rəqabətə davam gətirə biləcəkmi?. Çətin ki davam gətirsin. Belə olan halda, Azərbaycanı qıcıqlandıran mövqe nümayiş etdirmək lazım deyil. Bu hal İrəvanın manevr imkanlarının əlindən alınmasına gətirib çıxara bilər”.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da bildirir ki, xarici siyasət və beynəlxalq münasibətlər Paşinyan hökumətinin “Axilles dabanı”dır. Çünki bu sahədə hökumət çoxsaylı yanlışlıqlara yol verir. Aşotyan təcrübəsiz hökumətin Rusiya, Avropa İttifaqı və ümumilikdə Qərblə münasibətlərdə konkret xarici siyasət konsepsiyasına malik olmadığını qeyd edib. Əlavə edib ki, Paşinyanın təqdim etdiyi hökumət proqramında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə olan qalmaqal məharətlə ört-basdır edilib: “Bundan başqa, 2018-ci il üçün hesabatda qeyd olunmayıb ki, Ermənistanın həmin təşkilatda çox mühüm olan baş katib vəzifəsindən məhrum olması məhz daxili siyasi ziddiyyətlərin nəticəsidir. Belə ziddiyyətlər və onların davamlı olması Qarabağ məsələsində də bizim mövqeyimizi sarsıdır. Bundan irəli gəlir ki, bizi bu məsələdə artıq heç kim dəstəkləmir. Avropa Parlamentinin Xarici İşlər Komitəsində Paşinyanın çıxışı da heç nəyi dəyişmir. Çünki xarici siyasətin Avropa istiqaməti də başdan-ayağa problemlərdən ibarətdir. Hökumət Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi çərçivəsində öhdəsinə götürdüyü vəzifələrin heç birini icra etməyib. Rəsmən bəyan edirəm: 2018-ci il iyunun 1-dən bugünədək sazişdə nəzərdə tutulan islahatlardan heç biri həyata keçirilməyib. Hökumətin hesabatında görülən konkret tədbirlərin əvəzinə keçirilən iclaslar, ezamiyyətlər və digər nəticəsiz və tamamilə boş məsələlərdən bəhs olunur. Ona görə biz Avropadan hansısa dəstək gözləməməliyik. Bura Qarabağ məsələsi də daxildir. Xatırladım ki, bu məsələdə Avropa daha çox Azərbaycanın mövqeyinə dəstək verir. Sonuncu “Şərq Tərəfdaşlığı” sammitini xatırlamaq kifayətdir. Paşinyanın isə bütün bunları düzəltmək cəhdləri iflasdan başqa heç nədir. Əksinə, onun Avropa gedişləri bizim Rusiya ilə münasibətləri sürətlə korlamaqda davam edir”.
Əvvəllər Ermənistan parlamentində Avropa İttifaqı ilə danışıqlar üzrə komissiyanın sədri olmuş siyasətçinin sözlərinə görə, Paşinyanın Brüsselə səfərinin gündəliyinə yalnız iki az əhəmiyyətli məsələnin - ali məktəblər arasında və informasiya texnologiyaları üzrə əməkdaşlığın daxil edilməsi də xarici siyasətin bərbad vəziyyətdə olduğunu göstərir. Aşotyan qeyd edir ki, Paşinyanın yanlış gedişləri Qarabağ məsələsində hələ də böyük təsir imkanlarına malik Rusiya ilə də Ermənistanın münasibətlərində ciddi problemlərə yol açıb. Onun sözlərinə görə, iki ölkənin rəhbərliyi arasında əlaqələrin heç də yaxşı olmadığının ən bariz nümunəsi Rusiya prezidenti Vladimir Putinin, işinin çoxluğunu bəhanə edərək, yanvarın sonunda ölkəsinə səfərə gələn Nikol Paşinyanla görüşdən imtina etməsidir: “Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətlərinin misli görünməmiş səviyyədə, parlaq olduğunu deməsindən asılı olmayaraq, Avrasiya İqtisadi İtifaqına sədrliyin Ermənistana keçməsi mərasimi zamanı Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə nail ola bilmədi”. Erməni siyasətçi onu da əlavə edib ki, Ermənistanla Rusiyanın ikitərəfli münasibətlərində, bundan başqa, digər böyük problemlər də var və İrəvandakı hazırkı hakimiyyət bunu dilə gətirməməyi üstün tutur. O hesab edir ki, belə vəziyyətdə cari il ərzində Qarabağ məsələsində Azərbaycanın istədiyi dəyişiklikləri görəndə təəccüblənmək lazım deyil.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.