Prezident İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə,dövlət başçısı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş münasibətinin nümayişi kimi dəyərləndirib və bütün bunlara görə Suma Çakrabartiyə təşəkkür edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırıb. Son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, “ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd edən Suma Çakrabarti Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq, bunu əldə edilən böyük uğur kimi dəyərləndirib.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd edib və bildirib ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət istiqamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir.