Nəzakət Məmmədova: “Çox güman ki, Paşinyan beynəlxalq təzyiqlər qarşısında özünə tərəfdar yığmağa çalışır”
Ötən həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatdan məlum oldu ki, Azərbaycan və Ermənistan liderləri vasitəçilərin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.
Bəyanatda qeyd edilib ki, Minsk Qrupunun həmsədrləri fevralın 20-də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla, fevralın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər. Onlar yaxın zamanlarda liderlərin görüşünə hazırlıq məsələsini müzakirə ediblər: "Görüş zamanı ölkə liderləri həmsədrləri yanvarda Davos Dünya İqtisadi Forumu çərçivəsində söhbətləri barədə məlumatlandırıblar. Liderlər və həmsədrlər vəziyyəti müzakirə edərək gələcək addımlar barədə gözləntilərini səsləndiriblər. Həmsədrlər, həmçinin, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə də görüşüblər".
Həmin bəyanatdan sonra Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, konkret təkliflərin müzakirə ediləcəyi istənilən təmasa hazırdır. Ancaq Ermənistan tərəfi belə görüşlərdən yayınmağa çalışır. Bu günlərdə həm Paşinyan, həm də İlham Əliyev Brüsseldə eyni anda səfərdə olublar. Amma biz erməni dövlət rəhbərindən yenə də belə bir təşəbbüsü görmədik. Ermənistanın görüşdən qaçmasının səbəbi nə ilə izah edilə bilər?
Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, bunun əsas bir cavabı var, Paşinyan danışıqlara hazır deyil, Qarabağ məsələsini öz siyasətinin əsas istiqaməti kimi görmür, imkan daxilində onu Qarabağ separatçılarının üzərinə yükləyib məsuliyyətdən yayınmağa çalışır: “Paşinyan çox güman ki, beynəlxalq təzyiqlər qarşısında özünə tərəfdar yığmağa çalışır. Ard-arda Moskva, Tehran, Brüssel səfərlərində Qarabağ məsələsinin müzakirə olunmaması inandırıcı deyil. Paşinyan mümkün qədər vaxt qazanmaq, bu müddətdə müttəfiqlərlə münasibətləri yaxınlaşdırmaq, güc mərkəzlərinin dəstəyini əldə etmək istəyir. Üstəlik, onun hazırlıqsız vəziyyətdə İlham Əliyevlə üç dəfə görüş keçirməsi Ermənistanda və diasporda narahatlıqla qarşılanıb.
Yəqin ki, Paşinyan öz arxasında diplomatik cəbhəni möhkəmləndirib, Azərbaycan Prezidenti ilə hazırlıqlı vəziyyətdə görüşmək istəyir. Çünki hazırda həm Ermənistanın vəziyyəti son dərəcə pisdir, həm də Paşinyanın öz mövqeyi istər ölkə daxilində, istər xaricdə, beynəlxalq səviyyədə İlham Əliyevlə müqayisəolunmaz dərəcədə zəifdir. Üstəlik, həmsədrlər dövlət başçılarının sammitini keçirməyi planlaşdırır, xalqları sülhə hazırlama çağırışı səsləndirirlər. Təbii ki, Paşinyanın narahatlığa tam əsası var, çünki onun ölkəsi də, özü də zəif durumdadır. Qarabağ məsələsində ediləcək istənilən səhv onun hakimiyyətinin itirilməsinə, Ermənistanda xaosa səbəb ola bilər.
Paşinyan qarşıduran mərkəzləri birləşdirməklə qorunmağa, habelə Azərbaycana qarşı cəbhə açmağa çalışır. Lakin onun mühüm nəticələrə nail olacağı inandırıcı deyil”.
Məhəmmədəli QƏRİBLİ