Məhəmməd Əsədullazadə: “Bu stansiya əsaslı şəkildə modernləşdirilməsə, hər an fəlakət baş verə bilər”
“Adekvat əvəzedicisi olmasa, biz Metsamor AES-i bağlaya bilmərik”. Bunu erməni mətbuatına açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə Ermənistan “Metsamor” AES-i modernləşdirməyi və təhlükəsizliyini artırmağı planlaşdırır: “Alternativ enerji mənbələrinə çatana qədər stansiya işləyə bilsin. Çünki nüvə stansiyası bizim enerji təhlükəsizliyimizin təməlidir. Ona görə də stansiyanın adekvat əvəzedicisi olmasa, biz “Metsamor” AES-i bağlaya bilmərik”.
Paşinyan xatırladıb ki, Ermənistanla Avropa İttifaqı arasındakı sazişdə Ermənistanın nüvə enerjisi ilə bağlı xüsusi bir qayda var. O iddia edib ki, Ermənistanın enerji təminatı imkanları nəzərə alınmalıdır. Yəni bununla Paşinyan açıq şəkildə deyib ki, “Metsamor” AES-i əvəz edən digər alternativ mənbə olmadan sözügedən stansiya bağlanmayacaq.
Görünən odur ki, Paşinyan “Metsamor” AES-lə bağlı Aİ ilə oyun oynayır. Məsələ ondadır ki, “Metsamor” AES-in texniki parametrlərə cavab vermədiyindən, orada qəza risqinin yüksək olduğuna rəğmən, Paşinyan stansiyanı bağlamaq istəmir. Baxmayaraq ki, müxtəlif beynəlxalq qurumlardan “Metsamor” AES-in bağlanması ilə bağlı çağırışlar səslənir. Bir ara Ermənistan rəhbərliyi, bu minvalla, beynəlxalq qurumlardan maliyyə vəsaiti qoparmağa çalışdı. İndi də Paşinyan bu məsələdə Aİ-ni aldatmağa çalışır və əsassız arqumentlərlə çıxış edir. O baxımdan, Paşinyanın “Metsamor”la bağlı sərgilədiyi bu mövqeyi ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyan “Metsamor” AES-dən siyasi məqsədlər üçün istifadə edir: “Ermənistanda yerləşən “Metsamor” AES regionun ekoloji mühitinə, həmçinin, təhlükəsizliyə təhdid olaraq qalır. Bu gün bu stansiya öz istismar müddətini başa vurub. Texniki göstəriciləri aşağı səviyyədədir. Hər an partlayış təhdidinə malikdir. Ermənistanın enerji təchizatını yerinə yetirən bu stansiyanın təhlükəli risq altında olduğu qeyd edilsə də, rəsmi İrəvan bu stansiyanı bağlamır. Nüvə yanacağı reaktorlarının texniki nasazlıqdan partlaması mümkündür. Avropa İttifaqı dəfələrlə bu stansiyanın bağlanmasına dair çağırışlar edib. Ancaq Ermənistanda nə əvvəlki hakimiyyət, nə də indiki Paşinyan hakimiyyəti bu çağırışlara əməl etməyib. Paşinyanın açıqlamasından belə məlum olur ki, yaxın illərdə sözügedən stansiya bağlanmayacaq. Çünki enerji layihələrindən kənarda qalan Ermənistanın əlavə enerji mənbələrinə çıxışı olmadığına görə buna tələsmir. Daha dəqiq desək, Ermənistan yeni elektrik stansiya tikmək iqtidarında deyil. Bir növ, Paşinyan bununla Aİ-ni şantaj edir ki, sözügedən qurum öz vəsaiti hesabına Ermənistana yeni elektrik stansiyası tiksin. Ermənistan iqtisadiyyatı tənəzzüldə olduğu üçün, AES-in modernləşməsinə vəsait ayıra bilmir. Çünki “Metsamor” AES-i kimi Ermənistan da köhnəlir. Hesab edirəm ki, Paşinyan AES-i bağlasa, ölkədə enerji böhranı ola bilər. Bu da Paşinyana qarşı daxili etirazların formalaşmasına gətirib çıxaracaq. Ona görə də stansiyanın istismar müddətinin bitməsinə rəğmən, AES-i saxlamağa çalışır. Ancaq “Metsamor” AES-də risq böyükdür. Bu stansiya əsaslı şəkildə modernləşdirilməsə, hər an fəlakət baş verə bilər”.
Vidadi ORDAHALLI