Ermənistanın baş naziri Nikol Paşinyanın İranda atdığı təxribatçı addımlar həmin ölkəni çətin vəziyyətə salıb. Erməni diasporu ilə görüşdə zalda yazılan təxribatçı şüarın fonunda “selfi” edən Paşinyanın hərəkəti İranda yaşayan və sayı 10 milyonlarla ölçülən soydaşlarımızın qəzəbinə səbəb olub.
Soydaşlarımız qəzəblərini ən müxtəlif formalarda ifadə ediblər. Vəziyyət o həddə çatıb ki, İran rəsmiləri və həmin ölkənin Azərbaycandakı səfirliyi Paşinyanın hərəkətini özbaşınalıq kimi dəyərləndirdiklərinə dair açıqlama veriblər. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda baş tutan görüşdə asdıqları plakatı və səsləndirilən şüarları özbaşına atılan addım, qəbuledilməz hal kimi qiymətləndirir və bunu pisləyirlər: "İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyirlər”.
Qeyd olunur ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcək: "Həmçinin, düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz".
Ancaq maraqlıdır ki, Ermənistan KİV-ləri İranın bu addımını tamamilə başqa aspektdən yozmağa başlayıblar. Onlar iddia edirlər ki, İranın rəsmi sözçüsü həmin məsələyə münasibət bildirərkən mövcud status-kvonun qorunmasında maraqlı olduğunu ifadə edib. Düzdür, ermənilər İranın “Ararat” klubunda baş verən hadisəyə rəsmi reaksiyasını tam təhrif də edə bilməyiblər. Bildirirlər ki, İran həmin hərəkəti dəstəkləmədiyini bəyan edib, ancaq bunun fonunda, İranın Dağlıq Qarabağ məsələsində sanki Ermənistanla həmrəy olduğuna dair təəssürat yaratmağa can atırlar. Qeyd olunur ki, İran hansısa konfliktə görə Ermənistan və Azərbaycanla öz münasibətlərini korlamaq istəmir. Erməni jurnalistlər bütün baş verənləri İranın mövcud status-kvonun qorunmasında maraqlı olduğundan qaynaqlandığını vurğulayırlar. Ancaq biz görürük ki, İranın “Ararat” klubunda baş verənlərlə bağlı mövqeyi konkretdir və həmin hadisənin şərhində hansısa status-kvodan danışılmayıb. Birmənalı olaraq deyilib ki, məlum hadisə özbaşınalıqdır və İran tərəfdən təqdir edilmir. Erməni KİV-ləri hətta bir az da irəli gedərək məlum hadisə ilə Ermənistana casusluq etmiş, separatçı Fəxrəddin Abbasovun Azərbaycana təhvil verilməsi arasında da paralellər aparmağa çalışıblar. Nə qədər qəribə olsa da, Abbasovun həbsini Rusiyanın İrana cavabı kimi qiymətləndiriblər. İddia edirlər ki, Paşinyanın İranda mehriban qarşılanması Rusiyanın ürəyincə olmayıb və bu səbəbdən də onlar “İran xalqına yaxın olan talışların “liderini” həbs edib Azərbaycana veriblər”.
Açıq-aydın görünür ki, erməni təbliğatı bir budaqda oturub, minini tərpətmək kimi iyrənc, lakin uğursuz yol tutub. Öz dövlət rəhbərlərinin bilərəkdən atdığı təxribatçı addımı ilə başqa ölkəni pis duruma salmasına bu yolla haqq qazandırmağa cəhd edirlər. Ancaq onlar bilməlidirlər ki, İranı korrekt və Ermənistanı aşağılayan rəsmi mövqe ifadə etməyə vadar edən səbəb tamamilə başqadır və bunun nə Fəxrəddin Abbasov, nə də mövcud status-kvo ilə əlaqəsi var. İran Paşinyanın təxribatının qarşısını almaq üçün belə sərt mövqe ortaya qoymağa məcbur olub. Əks təqdirdə İranda milli zəmində ciddi qarşıdurmalar baş qaldıra bilərdi. Nə bilmək olar, bəlkə elə Paşinyan bu missiya ilə İrana göndərilmişdi...
Məhəmmədəli QƏRİBLİ