Seyid Camal Əzimbəyli: “Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi...”
Məlum olduğu kimi, Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər arasında keçirilən görüşdə bir sıra məsələlərə toxunulub. Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə öz töhfəsini verdiyini bildirib.
Öz növbəsində, dövlət başçısı İlham Əliyev qeyd edib ki, multikulturalizm və müxtəlif etnik və dini icmaların Azərbaycanda dinc yanaşı yaşamalarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşatdığı həyat tərzidir.
Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub və ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi vurğulanıb.
O da məlumdur ki, müstəqillik qazandıqdan sonra Azərbaycan dünya dövlətləri ilə yaxınlaşmaq, beynəlxalq təşkilatlarla əlaqələr qurmaq üçün inamlı addımlar atır. Bunun nəticəsidir ki, artıq Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, onların imkanlarından kifayət qədər faydalanır. Bu gün Azərbaycan dünyada yaranmış qlobal problemlərin həllinə kömək göstərən təşəbbüslərlə çıxış edir. Onlardan ən əhəmiyyətlisi dünya dövlətlərini mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərdən faydalanmağa dəvət etməsidir.
Bütün bu deyilənlərlə yanaşı, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi, müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması ilə bağlı verdiyi töhfələri ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin Azərbaycanın bu sahədə oynadığı rolu xüsusi qiymətləndirməsi təsadüfi deyil: “Məsələ ondadır ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqun təşviqində, müxtəlif dini, etnik icmaların sülh şəraitində birgə yaşayışının təmin edilməsində çox böyük nailiyyətlər əldə edib. Ölkədə bununla bağlı ardıcıl işlər görülür və bu da dünyada aparıcı təşkilatların diqqətindən yayınmır. Məsələn, 11 il əvvəl Prezident İlham Əliyev “Bakı prosesi” ilə bağlı təşəbbüs irəli sürdü və bu, dünya dövlətləri tərəfindən böyük məmnunluqla qarşılandı. Dünyanın məşhur dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri, politoloqlar “Bakı prosesi” tədbirlərində iştirak etdilər və tədbir barəsində yüksək fikirlər səsləndirdilər. Sözügedən tədbir çərçivəsində görülən işlər qlobal xoşməramlı çağırışıdır. Bu həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı bir dövrdə Azərbaycanın ortaya qoyduğu uğurlu siyasətdir”.
Seyid Camal Əzimbəylinin fikrincə, bu gün dinlər və mədəniyyətlərarası dialoq olduqca mühüm məsələdir: “Biz elə bir zamanda yaşayırıq ki, bu dialoq əvvəlki illərlə müqayisədə daha çox aktuallıq kəsb edir. Buna daha çox ehtiyac var. Hazırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır. Eyni zamanda Azərbaycan bu gün həm də sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşləri, mədəniyyətləri zənginləşdirir. Onların ən mütərəqqi baxışlarını özündə əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hesab edirəm ki, sözügedən faktor Azərbaycanın dünyada önəmini daha da artırır”.
Vidadi ORDAHALLI