Nikol Paşinyanın İrana səfərindən sonra Ermənistan KİV-ləri guya ölkələrinin blokadanı “yardığı” kimi rəy formalaşdırmağa çalışırlar. Bunlardan biri də Türkmənistan, İran və Ermənistan arasında baş tutacağı ehtimal olunan enerji sahəsindəki sövdələşmədir.
Erməni KİV-ləri baş nazir Nikol Paşinyanla Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında baş tutan telefon danışığı barədə məlumat veriblər. Bildirilir ki, tərəflər iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Türkmənistanın Ermənistanla birbaşa sərhədinin olmadığını nəzərə alsaq, onda söhbətin Türkmənistan, İran və Ermənistan arasında ticarət sövdələşməsindən getdiyini təxmin etmək olar. Erməni KİV-ləri bu istiqamətdə hələ 2017-ci ildən işlərin aparıldığına işarə edirlər. Hər üç ölkə rəsmisinin etdiyi qarşılıqlı səfərlərə diqqəti yönəldirlər. Hətta üç ölkə arasında baş tuta biləcək sövdələşmənin əsasən hansı sahəni əhatə edəcəyinə dair də məlumat verilir. Qeyd edilir ki, söhbət türkmən qazının “svop” əməliyyatı vasitəsilə Ermənistana verilməsindən gedir. Bunun nəticəsində Türkmənistan qazını İrana satır, həmin kvotada olan qazı isə İran Ermənistana verir. İranın bu məsələdə maraqlı olması Türkmənistana olan külli miqdarda borcla əlaqələndirilir. Guya həmin borcun bir hissəsini Ermənistan öz üzərinə götürüb, yerli istehsalı olan məhsullarla ödəyə bilər. Hətta Ermənistan mətbuatının özü bu sövdələşməyə inandırıcı yanaşmır. Buna anti-İran koalisiyasının açıq müqavimət göstərdiyinə dair faktları nəzərə çatdırır.
Ancaq Paşinyanın İrana etdiyi səfərdən sonra erməni KİV-ləri bu ritorikanı bir az da gücləndirib. Qeyd edirlər ki, belə bir layihənin yaxın zamanlarda reallaşacağı gözlənir. Üç ölkə arasında belə bir sövdələşmənin baş tutması nə dərəcədə inandırıcı sayıla bilər?
Qeyd edək ki, İranla Türkmənistan arasındakı münasibətlər məhz qaz tədarükünə görə heç də yaxşı səviyyədə deyil. Hətta bir müddət öncə İranın Milli Qaz Şirkətinin rəhbəri Həmid Reza Araki qiymətin endiriləcəyi halda Türkmənistan qazını almağa davam edəcəklərini bəyan etmişdi.
İranın rəsmi dövlət agentliyi Türkmənistanın İranın şərtləri ilə razılaşmayacağı halda Tehranın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyi barədə xəbər yayıb. Buna səbəb bir müddət əvvəl Türkmənistanın İrana qaz ixracını dayandırması olub. Tehranın Aşqabaddan hansı məbləğdə kompensasiya tələb etdiyini açıqlamayan İran Milli Qaz Şirkətinin rəhbəri H.R.Araki bildirib ki, kompensasiya məbləği iddiada əksini tapıb və həmin iddia Aşqabada da təqdim edilib. Xatırladaq ki, İran və Türkmənistan arasında qaz qalmaqalı 2016-cı ilin sonlarında başlayıb. “Turkmənqaz” qaz satışı ilə əlaqədar İran Milli Qaz Şirkətindən 1,8-2 milyard dollar tələb edib. Uzun müzakirələrdən sonra tərəflər qarşılıqlı razılığa gəliblər. Buna baxmayaraq, Türkmənistan İrana qaz ixracını dayandırıb.
Qeyd edək ki, böyük qaz ehtiyatlarına malik olan ölkə kimi Türkmənistan öz təbii ehtiyatını daha əlverişli və risqsiz xətlə dünya bazarına çıxarmaq kimi istəyini ortaya qoyub. Təsadüfi deyil ki, Türkmənistan Azərbaycanın ərsəyə gətirdiyi “Cənub Qaz Dəhlizi” vasitəsilə öz qazını dünya bazarına çıxarmağa böyük maraq göstərir. Hətta həmin ölkənin nümayəndəsi CQD-nin son Məşvərət Toplantısında da iştirak etdi. Bu baxımdan da Türkmənistanın onsuz da ciddi problemlərinin olduğu İran vasitəsilə aclıq və səfalətdən əziyyət çəkən bir ölkə ilə enerji sahəsində əməkdaşlığa gedəcəyi heç də inandırıcı görünmür. Türkmənistanın bu addımı onun üçün böyük imkanlar və təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün gözəl şərtlər vəd edən CQD ilə əməkdaşlığına da son qoya bilər. Enerji siyasəti sahəsində praqmatik addımlar atan Türkmənistanın Ermənistana İran vasitəsilə qaz satacağı heç də inandırıcı görünmür.
Məhəmmədəli QƏRİBLİ