Yeganə Hacıyeva: “Belə qeyri-adi manevrlərlə nə ölkəni blokadadan çıxarmaq olar, nə də əhalinin güzəranını yaxşılaşdırmaq”
Ermənistanın baş naziri Nikol Paşinyan 3-5 mart tarixlərində Brüsselə işgüzar səfər edərək, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə, eləcə də Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşlər keçirib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Belçikaya səfəri çərçivəsində Paşinyan, həmçinin, Avropa Parlamentinə baş çəkib və Avropa Şurasının beynəlxalq əlaqələr komitəsində çıxış edib.
Ermənistan baş naziri Belçikadakı erməni icmasının nümayəndələri və biznesmenlərlə də görüşüb.
Paşinyanın Avropaya səfəri və oradakı rəsmilərlə görüşü nəyə hesablanıb və bu təmaslardan Ermənistan nə əldə edə bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Paşinyan hakimiyyətə gələndən sonra hələ də özü üçün xarici siyasət kursunu müəyyən edə bilməyib: “Olduqca bir-birilə uzlaşmayan addımlar atır, bəyanatlar verir. İlk andan elə təəssürat yarandı ki, Paşinyan Rusiya ilə əlqələri bir qədər zəiflədəcək. Amma biz şahidi olduq ki, o, Ermənistanın ölkə başçıları ilə müqayisədə rekord həddə Moskvaya səfər etdi. Son nəticədə isə, ABŞ və Qərbin maraqlarına zidd olaraq, Suriyaya silah və hərbi kontingent göndərdi. Almaniyaya etdiyi səfərin ardınca İrana getdi. Orada yenə Qərb və ABŞ-ın maraqları ilə uzlaşmayan bəyanatlar verdi. İndi isə yenə Brüsselə səfər edib. Keçirdiyi görüşlərin formatı və məzmunundan görünür ki, təmaslar adi protokol xarakteri daşıyıb. Qeyd edək ki, Brüsselə bundan əvvəlki səfərindən sonra Paşinyan Avropa Birliyini sərt tənqid etmişdi. Bütün bu qeyri-standart addımlar Paşinyanın diletant olduğunu isbatlayır. Artıq heç bir dairə və cinah Paşinyana etibar etmir. O yalnız Rusiyanın qarşısında səmimiliyini göstərir. Bu da qorxudan və Moskvanın real təsir imkanlarından irəli gəlir. Ermənistanın daxilndə də vəziyyət sabit deyil. Paşinyan anlayır ki, xalq inqilabdan əvvəl verilən vədlərin həyata keçirilməsini istəyir. Buna görə də o, qeyri-standart addımları ilə diqqəti yayındırır, özünə vaxt qazandırmaq istəyir. Paşinyanın Avropa ilə yaxın təmasa meyl etməsində bir istəyi də var. O da ondan ibarətdir ki, həmin ölkələrdən ianə toplasın. Yəni əl açmaqla guya regionda demokratiyanı “bərpa” etmək istiqamətində imitasiyaya üstünlük verir. Bütün bu addımların Ermənistana heç bir faydası yoxdur. Belə qeyri-adi manevrlərlə nə ölkəni blokadadan çıxarmaq olar, nə də əhalinin güzəranını yaxşılaşdırmaq. Ən yaxşı halda, Paşinyan bir az vaxt qazana bilər”.
Məhəmmədəli QƏRİBLİ