Arzu Nağıyev: “Ermənistanın özünü əhali tərk edirsə, işğal altındakı ərazilərdə gəlib kim qalacaq?”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağa gedib və separatçı rejimin lideri Bako Saakyanla birlikdə cəbhənin cənub hissəsində olub. Erməni KİV-lərinin verdiyi məlumata görə, Vanesyan Qarabağda olarkən deyib ki, torpaqların Azərbaycana verilməsi barədə fikirlər spekulyasiyadır.
Bildirilir ki, səfərdə məqsəd Araz çayı boyunca ərazidə məskunlaşma məsələsinin müzakirəsi olub: “Əsasən Araksavan (Xocavəndin cənubu) yaşayış məntəqəsinin tikintisi, kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması planlaşdırılır”. Vanesyanın fikrincə, ərazinin məskunlaşdırılması təhlükəsizliyə əsas zəmanətlərdən biridir: “Guya torpaqların təhvil veriləcəyi, bununla bağlı danışıqların aparılacağı ilə bağlı ayrı-ayrı adamların fikirləri bu məskunlaşma proqramı ilə təkzib edilir. Bununla biz erməni xalqına və dünyaya mesaj göndəririk ki, heç kim torpaqları geri verməyəcək. Əksinə, bizim ərazilərdə öz soydaşlarımız yaşamalı və yaratmalıdır”.
Qeyd edək ki, Ermənistanın müdafiə taktikasından hücum taktikasına keçməsi ilə bağlı bu ölkənin müdafiə naziri David Tonoyanın fikirlərindən sonra bu, son günlərin ikinci sensasion bəyanatıdır. Beləliklə, rəsmi İrəvan dinc nizamlanma, Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılacağı ilə bağlı ümidlərin boş olduğuna işarə edir. Hətta işğal altında olan İranla həmsərhəd ərazidə yeni şəhərin tikinitisini belə planlayırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Vanesyanın açıqlamalarına cavab verib:
“Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edir. Həmçinin, uzun illərdir aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır”.
Vanesyanın sərsəm bəyanatlarını və işğal zonasındakı gələcək planları ilə bağlı verdiyi açıqlamanı necə şərh etmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevin sözlərinə görə, Ermənistan təhlükəsizlik qurumunun rəhbərinin qondarma rejimə səfər etməkdə əsas məqsədi Bako Saakyanla görüşmək olub: "Bu səfəri geniş şəkildə yaymaqlarının bir sıra məqsədləri var. Əgər təhlükəsizlik xidmətinin rəisi yoxlamaya özü şəxsən gedir və səfərin məqsədi birbaşa Ermənistan prezidentinə, yaxud baş nazir Nikol Paşinyana məruzə etməkdirsə, deməli, bunların öz aralarında təlaş var. Əgər qondarma qurumun qondarma rəhbəri Bako Saakyan Artur Vanesyanın iştirakı ilə hərbçilərlə müşavirə keçirirsə, bu da müəyyən məqamlardan xəbər verir. Deməli, Ermənistan təhlükəsizlik xidməti çox narahatdır”.
Ekspertin sözlərinə görə, bu səfər ərəfəsində Ermənistan müdafiə naziri Tonayan açıqlama verdi ki, guya Ermənistan ordusu artıq böyük hücum taktikasına keçir: “Açıq-aydın görünür ki, ölkə narahatdır. Baxmayaraq ki, onlar dəfələrlə öz çıxışlarında deyiblər ki, bizim Dağlıq Qarabağla hər hansı əlaqəmiz yoxdur. Lakin burada əsas məqam ondan ibarətdir ki, Ermənistan tam şəkildə onları dəstəkləyir. Özlərinin dedikləri ilə etdikləri əməl arasında artıq təzadlar yaradırlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri bunu görməli və müvafiq bəyanatlar verməlidirlər. İşğal altında olan ərazilərdə yeni məskunlaşma planları da spekulyasiya xarakteri daşıyır. Ermənistanın özünü əhali tərk edirsə, işğal altındakı ərazilərdə gəlib kim qalacaq? Eyni zamanda, onların belə planı həyata keçirməyə maddi imkanları da çatmaz. Amma bütün bunlara baxmayaraq, yüksək çinli Ermənistan məmurunun belə niyyətlərinin olduğunu açıq bəyan etməsi onların sülh danışıqlarından uzaqlaşdığına daha bir sübutdur”.
Məhəmmədəli QƏRİBLİ